seki

Şəki yaylası” istirahət mərkəzində baş verən faciə ilə bağlı yeni iddialar səsləndirilib. Belə ki, həlak olanlardan birinin nişanlısının sözlərinə görə, Coşqun Məmmədov xəttin sonuna çatmamış qarşı tərəfdən Ucal Bayramov da yola salınıb və nəticədə eyni anda xətt üzərində iki nəfər olub. Yəni kanat üzərində çəki limiti nəzərə alınmayıb. Bundan başqa, onların başında kaska olmayıb, hətta kaskaların müştərilərin istəmədiyi əsas gətirilərək yığışdırıldığı deyilir.

Kanatdan istifadə zamanı sərnişinlərin çəkisi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulub? İnsanların təhlükəsizliyi üçün kaska və digər qoruyucu vasitələrdən istifadə məcburidirmi? Ümumiyyətlə, qanunvericilikdə kanatların istismarı və sərnişinlərin istifadəsi ilə bağlı hansı təhlükəsizlik qaydaları müəyyənləşdirilib?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, bu məsələ birbaşa müəyyən təhlükəsizlik qaydaları əsasında tənzimlənir:

“Hər bir atraksionun öz xüsusiyyətinə uyğun təhlükəsizlik qaydaları olmalıdır. Hadisəni araşdıran dövlət orqanları da bütün nüansları, o cümlədən həmin atraksion üçün hansı təhlükəsizlik tələblərinin müəyyən edildiyini, sərnişinin çəkisinin nəzərə alınıb-alınmadığını və kaska ilə bağlı tələbi dəqiq araşdırmalıdırlar. İlk növbədə ərazidə çalışan işçilərin atraksionun təhlükəsizlik qaydaları ilə tanış edilib-edilmədiyi müəyyənləşdirilməlidir. Əgər belə qaydalar mövcuddursa və işçilər onlarla tanış edilibsə, kaskaların niyə verilmədiyi araşdırılmalıdır. Təhlükəsizlik qaydalarına əməl olunmamasına görə obyekt rəhbəri də məsuliyyət daşıyır”.

ekrem 1

Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, kaska taxılması məcburidirsə, vətəndaş bundan imtina etdiyi halda atraksiona buraxılmamalıdır:

“Eyni zamanda, müəyyən çəki limiti olduğu halda işçinin iki nəfərin eyni vaxtda atraksiondan istifadəsinə niyə icazə verdiyi də aydınlaşdırılmalıdır. Əgər bütün təhlükəsizlik qaydaları müəyyən edilib, işçilər bu qaydalarla tanış edilib və lazımi avadanlıq, o cümlədən kaska təmin olunub, lakin işçi qaydalara riayət etməyibsə, bu halda məsuliyyətin kimdə olduğu ayrıca qiymətləndirilməlidir. Bu səbəbdən hadisə ilə bağlı hər bir məqam fərdi şəkildə araşdırılmalıdır”.

Qeyd edək ki, hadisə ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

111 2

Ləman İmran
Globalinfo.az

Paylaş: