İranla bağlı bu xəbər ŞOK etdi: Türk dünyası ilə…

Güney azərbaycanlı Məsud Pezeşkianın prezident seçilməsinin ardınca İranın Türk Dövlətləri Təşkilatına (TDT)üzvü və ya müşahidəçi üzvü olacağı deyilir.

Bu istiqamətdə rəsmi Tehran bu günə qədər təşəbbüs göstərməsə də ekspertlər bunun yaxın müddətdə olacağını düşünür.

İran TDT-yə üzv olacaq?

Globalinfo.az -a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, İran klassik türk dövlətidir və reallıq qonşu ölkənin siyasətində mütləq nəzərə alınmalıdır.

“İndiki İran ərazisində türk sülalələrinin rəhbərlik etdiyi dövlət və imperiyaları sadalamağa ehtiyac duymuram. Amma bir həqiqət də var ki, Azərbaycan türkləri İranın ərazi bütövlüyünün, təhlükəsizliyinin əsas təminatçılarından biri və birincisidir. Bu baxımdan, İranın gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv olması, yaxud burada müşahidəçi statusu ilə təmsil olunması tamamilə təbii qəbul olunmalıdır.
Düşünürəm ki, eyni statusla gələcəkdə Rusiya da TDT-də təmsil oluna bilər. Rusiya ərazisində, təxminən 20 türk xalqı yaşayır və rəsmi mənbələrdə onların sayının 15 milyondan çox olduğu bildirilir.

BMT-nin proqnozlarına görə, 2050-ci ildə türklərin sayı dünyada 279 milyona çatacaq. Bu isə, türklərin dünyanın ən böyük etnoslarından birinə çevrilməsi deməkdir”.


Elçin Mirzəbəyli

Ekspert hesab edir ki, TDT platforması, təkcə əhalisinin əhəmiyyətli hissəsi türk xalqlarından ibarət olan dövlətlər üçün deyil, əhalisi bəlli türk toplumuna malik ölkələr üçün də əlverişli platformadır:

“Məsud Pezeşkiyanın İran prezident seçilməsi, prosesə kimin hansı müstəvidən yanaşmasından asılı olmayaraq, irəliləyiş hesab olunmalıdır. Təbii ki, əgər bu proses siyasi sistemdə çağdaş çağırışlara uyğun bir şəkildə islahatların aparılması ilə müşahidə olunarsa, milli hüquqların tanınması istiqamətində addımlar atılarsa, o zaman özünün müsbət nəticəsini verə bilər.

Qənaətimə görə, həm Azərbaycan, həm də Türkiyə Pezişkianın prezidentliyi dönəmində qarşılıqlı münasibətlərin inkişaf edəcəyinə, xüsusilə də etimad mühitinin formalaşacağına ümid bəsləyirlər.

Bölgə xalqları və dövlətləri suveren hüquqlarına qarşılıqlı hörmət əsasında öz təhlükəsizliklərini birlikdə əməkdaşlıq yolu ilə təmin edə bilər, iqtisadi sıçrayışa nail ola bilərlər”.

Turan Rzayev
Globalinfo.az