WhatsApp Image 2026 05 12 at 22.48.31 1

“Ölkədə Gələcəyin Problemləri İnstitutu yaradılmalı və demoqrafik vəziyyət araşdırılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə “Reaksiya TV”-də çıxışında deyib.

Onun sözlərinə görə, bunu yalnız sosial vəziyyətlə əlaqələndirmək olmaz:

“Bunun bir neçə fundamental səbəbi var. Dövlət bu səbəbləri öyrənmək və problemin böhrana çevrilməsinin qarşısını almaq üçün ciddi addımlar atmalıdır. Milli-mənəvi dəyərlərin geriləməsi, sosial vəziyyətin ağırlığı, uşaq sahibi olmaqla bağlı yanaşmalar, valideynlərin istək və arzuları – bütün bunlar araşdırılmalıdır. Valideyn sosial vəziyyətinə görə uşaqlarının sayının az olmasını istəyir, yoxsa bunun başqa səbəbləri də var? Yeni dünya ilə hansısa toqquşma, yeni dünya ənənələri, başqa ölkələrdən gələn mədəniyyətlər insanları buna məcbur edirmi? Dövlət bunların hamısını düşünməli və araşdırmalıdır. Bu məsələlər Gələcəyin Problemləri İnstitutu vasitəsilə öyrənilməlidir”.

Partiya sədrinin sözlərinə görə, çox böyük təhlükə qarşısındayıq:

“Bəlkə bu gün müəyyən rəqəmləri görmürük və onlar bizə heç nə demir. Amma on ildən sonra həmin rəqəmlər bizə çox şey deyəcək. O cümlədən əhalinin yaşlanmasına baxın. Ölkədə nə qədər yaşlı təbəqə var, nə qədər uşaq var, nə qədər orta nəsil var? Təəssüf ki, orta nəsilin sayı çox azdır. Niyə? Bunun səbəbi nədir? Bunlar araşdırmalıdır.

Ən böyük problemlərimizdən biri də geniş yayılan kardioloji xəstəliklər, yəni ürək xəstəlikləridir. Bu gün onkologiyanın qapısına getsən, insan əlindən tərpənmək mümkün deyil. Bu qədər onkoloji xəstə var. Biz niyə onkoloji baxımdan bu qədər xəstə insanlara çevrilirik? Niyə onkoloji xəstəliklər Azərbaycanda belə geniş yayılır? Radiasiya mühitindəyikmi? Stressdir, yoxsa başqa səbəblər var? Qidalanma, qida məhsulları buna təsir edirmi?

Niyə səhiyyə sistemi bu istiqamətdə düzgün qurulmur? Kardioloji müayinələr üçün sistemli mərkəzlər yaradılmır? Niyə ayda bir dəfə məcburi şəkildə həmin məlumatlar elektron portallara daxil edilmir? İnsan nədən şikayət edir, hansı problemləri var – bunlar sistemli şəkildə qeydə alınmalıdır”.

İqbal Ağazadə qeyd edib ki, hazırda əhali kütləvi şəkildə Bakıya axışır:

“Rayonlarda yaşayan əhali, sözsüz ki, orada yaşamağın yollarını tapa bilmir. Ona görə də şəhərə gəlmək məcburiyyətində qalırlar. Bakı artıq Bakı deyil, insan, maşın əlindən tərpənmək mümkün deyil. Dediyim kimi, Gələcəyin Problemləri İnstitutu yaradılmalı və bu institut bütün məsələləri bir-bir ortaya qoymalıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: