İsrail və Livan nümayəndə heyətləri arasında Romada keçirilməsi planlaşdırılan danışıqların növbəti raundu oktyabr ayına təxirə salınıb.
Məlumata görə, Roma görüşünün əvəzinə İsrail və Livanın səfirləri Vaşinqtonda ABŞ Dövlət Departamentində bir araya gələcəklər. Görüşdə son hadisələr və tərəflər arasında çərçivə sazişinin icrasının davam etdirilməsi müzakirə olunacaq
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Livan və İsrail arasında danışıqların keçirilməsi, xüsusilə də təhlükəsizlik məsələləri ilə bağlı təmasların davam etdirilməsi, müsbət hal kimi qiymətləndirilə bilər:
“Lakin burada əsas problem Livan hökumətinin ölkə daxilində kifayət qədər güclü mövqeyə malik olmaması və silahlı qüvvələrin imkanlarının məhdudluğudur.
İsrail Livan hökumətindən “Hizbullah”ın silahsızlaşdırılmasını və ölkə ərazisində İranın təsirinin məhdudlaşdırılmasını tələb edir. Eyni zamanda İsrail “Hizbullah”ın mövqelərinə zərbələr endirməkdə davam edir və Livanın cənubunda təhlükəsizlik baxımından müəyyən nəzarət imkanlarını genişləndirib.

Məhəmməd Əsədullazadə
Livan hökumətinin İran və “Hizbullah”la bağlı mövqeyində də müəyyən dəyişikliklər müşahidə olunur. Bununla belə, əsas məsələ ondan ibarətdir ki, Livan dövlətinin “Hizbullah” üzərində tam nəzarəti yoxdur. Bu qruplaşma özünü Livanın siyasi və təhlükəsizlik sistemindən ayrıca güc mərkəzi kimi təqdim edir. Həmçinin İsrailə qarşı silahlı müqavimətin davam etdirilməsində maraqlıdır.
Bu baxımdan, Livanla İsrail arasında hər hansı razılaşmanın əldə olunması avtomatik olaraq “Hizbullah”ın həmin razılaşmanı qəbul edəcəyi anlamına gəlmir. Hətta mümkün sülh və ya atəşkəs razılaşması əldə olunsa belə, “Hizbullah”ın bunu tanımaması və İsrailə qarşı fəaliyyətini davam etdirməsi ehtimalı qalır.
Ona görə də hesab edirəm ki, Livan və İsrail arasında danışıqların aparılması müsbət və normal diplomatik prosesdir. Lakin bu danışıqların real nəticə verməsi üçün təkcə Livan hökumətinin deyil, ölkə daxilindəki bütün əsas silahlı və siyasi aktorların prosesə cəlb olunması və razılaşmanın icrasına təminat verilməsi vacibdir. Əks halda, dövlətlərarası səviyyədə əldə olunan razılaşma ilə Livandakı faktiki vəziyyət arasında ciddi fərq yarana bilər”.
Turan Rzayev
Globalinfo.az