Ermənistan Baş naziri Nikol Paşinyanın Bişkek görüşündən sonra və Moskva görüşü öncəsi Parisə səfəri müzakirəyə səbəb olub. Rusiya Beynəlxalq Məsələlər Şurasının prezidenti, politoloq Dmitri Trenin Ermənistanı Ukrayna ilə müqayisə edərək deyib ki, Ermənistan Qərbin Rusiya ilə geosiyasi qarşıdurmada istifadə edə biləcəyi yeni meydandır.
Globalinfo.az-a açıqlama verən rus politoloq, MQİMO-nun dosenti, Rusiya xarici siyasəti üzrə ekspert Kiril Koktış Dmitri Treninin bu fikrinə münasibət bildirib.
Kiril Koktış
“Dmitri Treninlə razılaşmamaq çətindir, görünür, o haqlıdır. Paşinyanın Paris səfərinə gəldikdə isə, bu, tamamilə məntiqlidir. Fransa Avropa İttifaqında (Aİ) “idarəçi” rolunu oynamağa can atır – bu faktı Fransanın İrəvandakı səfirliyində işçi heyətinin rekord sayda olması da təsdiqləyir. Aydındır ki, Paşinyan İrəvanın geosiyasi istiqamətinin dəyişməsindən sonra yaranan maddi itkilərin kompensasiyası ilə bağlı Fransadan təminatlar almalıdır. Lakin o da məlumdur ki, Avropanın daha əvvəl verdiyi zəmanətlər məcburi xarakter daşımayıb”, – deyə ekspert qeyd edib.
Fransalı tarixçi, politoloq Maksim Quen isə bildirib ki, “Rusiya ilə geosiyasi qarşıdurma” ifadəsi ən uyğun ifadə deyil:
“Axı məhz Rusiya 2007-ci ildə Estoniyada vəziyyəti pozmağa çalışıb, 2017-ci ildə Marin Le Penin seçilməsinə nail olmağa cəhd edib (Emmanuel Makronun seçki kampaniyasının elektron poçt sisteminin haker hücumuna məruz qalması), Avropa ölkələrinin hava məkanını pozur, kiberhücumlar təşkil edir və illərdir ki, Baltikyanı ölkələri, Finlandiyanı, Polşanı və sair təhdid edir”.
Maksim Quen
Onun sözlərinə görə, Paris səfərində məqsəd Paşinyan hökumətinə lazım olan dəstəyi təmin etməkdir:
“Bütövlükdə Aİ və xüsusən də Fransa, Rusiyanın cəza tədbirləri ilə üzləşən Ermənistan iqtisadiyyatı üçün bir alternativ təklif edib. Fransa hökumətinin kibertəhlükəsizlik üzrə qurumu olan “Viginum” seçki kampaniyası dövründə Rusiya müdaxiləsinə qarşı mübarizədə Ermənistan hökumətinə dəstək verib. Hazırda baş verənlər çox güman ki, Rusiya üçün bir siqnaldır: “Görürsünüzmü, biz sizdən və sizin iranlı müttəfiqinizdən asılı deyilik”.
Ekspert Putinin dəvətilə Paşinyanla Moskvada keçiriləcək görüş haqda fikir bildirib:
“Moskva görüşünün nəticəsi Vladimir Putinin son bir neçə il ərzində vəziyyətin köklü şəkildə dəyişdiyini və artıq əvvəlki təsir imkanlarına malik olmadığını qəbul və dərk etməsindən asılı olacaq. Cənab Putin, əlbəttə ki, Rusiyanın Ermənistan üzərindəki hökmranlığından geriyə qalanları qoruyub saxlamaq üçün hədə-qorxu yoluna əl atır. Lakin onun bunu həyata keçirmək üçün kifayət qədər hərbi və iqtisadi imkanları yoxdur”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronla Ermənistan Baş naziri Nikol Paşinyan arasında Yelisey sarayında keçirilən görüşdə “Şimal–Cənub” nəqliyyat dəhlizinin əsas hissələrindən biri olan Bərgüşat tunelinin tikintisi də müzakirə edilib. Belə bir fikir var ki, Paşinyan Azərbaycanın regionda oynadığı mühüm tranzit rolu azaltmaq məqsədilə Zəngəzur dəhlizinin tikintisini yubadır.
Fransalı politoloq Zəngəzur dəhlizinin tikintisinin qəsdən ləngidilməsinə dair onda sübut olmadığını deyib.
O həmçinin, Fransa-Ermənistan münasibətlərinin İrəvanın Bakı və Ankara ilə normallaşma prosesinə təsirindən danışıb:
“Təsir məsələsinə gəldikdə isə, burada bir paradiqma dəyişikliyi baş verir. 2022-ci ilə qədər Ermənistanla münasibətlər əsasən diasporun millətçi qruplarının lobbiçilik fəaliyyəti ilə müəyyən edilirdi və heç bir əhəmiyyətli iqtisadi üstünlük və ya real siyasi uğur gətirmədən, tez-tez Türkiyə və ya Azərbaycanla problemlərə səbəb olurdu. Hazırda davam edən normallaşma prosesi bu münasibətləri daha sağlam (çünki mövcud hökumətin qalması Paris, Ankara və Bakının maraqlarına uyğundur) və daha səmərəli (Ermənistan iqtisadiyyatı normallaşmadan faydalanmağa başlayıb və gələn il daha çox fayda əldə edəcək) bir məcraya yönəldir. Eyni zamanda, Nikol Paşinyana açıq şəkildə düşmən mövqedə olan, həm Rusiya, həm də İranı qətiyyətlə dəstəkləyən diaspor millətçiləri öz mövqelərinin zəiflədiyini müşahidə edirlər”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul