Bu gün İsveçdə parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.
Globalinfo.az xəbər verir ki, seçicilər 349 deputatdan ibarət birpalatalı İsveç parlamenti – Riksdaqa, eləcə də yerli idarəetmə orqanlarına nümayəndələr seçəcəklər.
Sosial Demokratlar Partiyasının lideri və müxalifət rəhbəri Maqdalena Andersson bildirib ki, solçu dörd partiya parlamentdə çoxluğu əldə edərsə, sosial təminat sistemini gücləndirəcək və artan xərclərlə üzləşən ailələrə dəstək göstərəcək.
Hazırkı Baş nazir, mühafizəkar Ulf Kristersson isə hökumətinin mütəşəkkil cinayətkarlıq və immiqrasiyaya qarşı həyata keçirdiyi sərt siyasətin nəticə verdiyini deyib. O, bundan sonra isveçlilərin gündəlik yaşayış şəraitinin yaxşılaşdırılmasına diqqət ayıracağını vəd edib.
Qeyd edək ki, Kristersson son dörd ildə ifrat sağçı İsveç Demokratlarının dəstəyi ilə hökumətə rəhbərlik edib. Sağçı blokun seçkidə qalib gələcəyi təqdirdə isə Baş nazir bu partiyanın nümayəndələrinə ilk dəfə hökumətdə vəzifə veriləcəyini açıqlayıb.
Səsvermə məntəqələri yerli vaxtla saat 20:00-da bağlanacaq. İlkin exit-poll nəticələrinin həmin vaxt açıqlanması, seçkinin ilkin nəticələrinin isə bir neçə saat sonra məlum olması gözlənilir.