Bakıda dəhşətli qəzada ölən gəncin ailəsi nədən narazıdır? – VİDEO/FOTO

31 dekabr 2023-cü il tarixdə axşam saatlarında Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi olub. Hava limanı istiqamətində irəliləyən “BMW” markalı 77-FD-330 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək eyni hərəkət zolağında olan “Azsamand” markalı 99-PV-643 dövlət qeydiyyat nişanlı avtomobili sol arxa yan hissəsindən vurub.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində “Azsamand” markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Bakı şəhər sakini Nəcəfov Kamil Elşən oğlu həlak olub.

Nəcəfov Kamilin ailə üzvləri bildirirlər ki, hadisəni törədən 19 avqust 2002-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Turqay Müşfiq oğlu sükan arxasında içkili vəziyyətdə olub. İstintaqı Suraxanı RPİ-nin müstəntiqi, polis mayoru Zeynallı Vasif Ələkbər oğlu aparır:

“Qərarda hadisəni törədən şəxsin içkili olmadığı yazılıb, lakin onun içkili olduğunu görən şahidlər var. Xəstəxanada polislər belə bir söz işlətdilər – “İçib camaatın ailəsini nə hala saldılar”. İçkili olduqlarını soruşduqda isə polis əməkdaşı avtomobildə olan şəxslərin hamısının içkili olduğunu bildirdi. Ailə üzvlərimizə də, yaxınlarımıza da eyni sözü deyiblər.

Avtomobildə olan xanım da deyir ki, “BMW” markalı avtomobilin sürücüsü içkili idi və içkinin təsirindən yıxılırdı. Görün, “BMW”dəkilər nə dərəcədə içkili olublar ki, yoldan keçənlər onların özlərinə kömək ediblər”.

Kamil Nəcəfovun ailəsi deyir ki, sosial şəbəkələrdə hadisəni törədən şəxsin yüksək səslə musiqi dinləyərək, ifa edərək keçdiyini, avtomobili sürətlə idarə etdiyini, digər maşınlara maneə törətdiyini və avtoxuliqanlıq etdiyini yazırlar.

Mövzunu diqqətdə saxlayacağıq.

Qeyd: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Globalinfo.az
Zaira Akifqızı