Cilgin dondurmaci 11

Bakının mərkəzində, “Tarqovı” kimi tanınan Nizami küçəsində fəaliyyət göstərən “çılğın dondurmaçı” son günlər sosial şəbəkələrin gündəminə çevrilib. Xarici ölkələrdə məşhurlaşmış bu şou artıq Azərbaycana da gəlib. Onun ölkəmizdə işləməsinə etirazım yoxdur. Kim qanun çərçivəsində işləyirsə, buyursun. Məsələ tamam başqadır.

Məni narahat edən həmin şounun bəzi insanlar tərəfindən təkrarlanmasıdır. Xüsusilə də bəzi xanımların bir dondurma almaq üçün satıcının qarşısında rəqs etməsi, onun hərəkətlərini yamsılaması və bunu əyləncə kimi təqdim etməsi heç də xoş görünmür.

Xalqımızın əsrlərlə formalaşmış ailə dəyərləri, ədəb-ərkanı var. Əylənmək gözəldir – gülmək də, zarafat da. Amma elə məqamlar var ki, insan harada dayandığını, necə davrandığını bilməlidir. Bu, təkcə qadınlara yox, hər kəsə aiddir.

Ən qəribəsi odur ki, insanlar bunun üçün pul da ödəyirlər. Adətən pulu verən xidmət alır. Burada isə həm pul ödənilir, həm də qarşı tərəfin istədiyi formada davranılır. Yəni biri var pulunu verib oynadasan, biri də var ki, həm pul alasan, həm də oynadasan… Sonra həmin görüntülər sosial şəbəkələrdə paylaşılır, bəyənmə və izlənmə naminə yayılır.

Digər məqam isə bəzi valideynlərin və ya həyat yoldaşlarının buna şərait yaratmasıdır. Elələri var ki, həyat yoldaşını və ya qızını aparır, çəkiliş edir, sonra da həmin görüntünü fəxrlə paylaşır. Başa düşmürəm ki, buna necə icazə verirlər.

Mən heç kimin həyat tərzinə qarışmıram. Sadəcə hesab edirəm ki, hər yenilik kor-koranə təqlid edilməməlidir. Xaricdə populyar olan hər davranış bizim cəmiyyətə də uyğun olacaq deyə bir qayda yoxdur. Milli kimliyimizi və davranış mədəniyyətimizi qorumalıyıq. Bir xalqı ayaqda saxlayan onun tarixi ənənələrinə bağlılığıdır.

Unutmayın, dondurma bir neçə dəqiqəyə bitir, amma insanın cəmiyyətdə yaratdığı təəssürat uzun müddət qalır.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: