Tramp 1 900x506 4

ABŞ Prezidenti Donald Tramp ölkənin hava hərəkətinin idarə edilməsi sisteminin tamamilə yenilənməsi üçün Konqresdən əlavə maliyyə ayrılmasını tələb edib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb. O, mövcud infrastrukturun böyük hissəsinin təxminən 50 il əvvəl qurulduğunu və artıq müasir tələblərə cavab vermədiyini bildirib.

“Konqres hava hərəkətinə nəzarət sistemi üçün çox ehtiyac duyulan maliyyələşdirməni təsdiqləsə, biz onu sürətli və səmərəli şəkildə yeniləyə bilərik. Nəticədə dünyanın ən yaxşı sistemini quracağıq. Hazırkı hava hərəkətinə nəzarət sistemimizin böyük hissəsinin 50 il yaşı var. Bu, gülüncdür!” – deyə ABŞ lideri qeyd edib.

Prezident bildirib ki, modernləşdirmə işləri artıq başlayıb, lakin yenilənmənin ayrı-ayrı mərhələlərlə deyil, kompleks şəkildə həyata keçirilməsinin tərəfdarıdır. O, əvvəlki Co Bayden administrasiyasını da hava nəqliyyatı infrastrukturunun yenilənməsini gecikdirməkdə ittiham edib. 

Trampın bu çağırışı noyabrın 13-də ABŞ-da baş verən genişmiqyaslı aviasiya böhranından sonra səsləndirilib. Həmin gün Federal Aviasiya Administrasiyası (FAA) rabitə sistemində yaranan nasazlıqlar səbəbindən ölkə üzrə uçuşların həyata keçirilməsinə müvəqqəti məhdudiyyət tətbiq edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: