Türkiyənin müdafiə şirkəti ASELSAN güclü elektromaqnit şüalanmanın köməyi ilə 51 dronu bir neçə saniyə ərzində zərərsizləşdirən EJDERHA (Əjdaha) sisteminin uğurla sınaqdan keçirildiyini bildirib.

Globalinfo.az xəbər verir ki, sınaq ASELSAN-ın Gölbekdəki mərkəzində baş tutub.

Sistem birinci mərhələdə təxminən 1 000 metr məsafədə iki kabellə idarə olunan dronu sıradan çıxarıb. İkinci mərhələdə EJDERHA eyni vaxtda havaya qalxan 51 drondan ibarət dəstəni zərərsizləşdirib.

Şirkətin açıqlamasına görə, sistem dronların elektron komponentlərini güclü elektromaqnit dalğaları ilə hədəfə alır, raket və ya sursat istifadə etmədən onların sıxışdırılmasına, yenidən işə salınmasına və ya sıradan çıxarılmasına imkan yaradır.

Sistem mini və mikro sinifli PUA-lardan müdafiə üçün nəzərdə tutulub və Türkiyənin çoxqatlı “Polad günbəz” (ÇELİKKUBBE) hava hücumundan müdafiə sisteminin tərkib hissəsi olacaq. O, aşkarlama, izləmə və dəqiq hədəfləmə üçün radar və elektro-optik sistemlə təchiz olunub.

Paylaş: