Azərbaycanda vahid məktəbli formasının tətbiqinə xaricdən müdaxilələri heyrətlə izləyirəm.
Xüsusilə Türkiyədə bununla bağlı misli görünməmiş hərəkətlilik var.
İndi də Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan Azərbaycanı vahid məktəbli formasının tətbiqi qərarından daşınmağa çağırıb.
Dünyanın heç birində belə şey yoxdur: bir ölkə sırf daxili məsələsi ilə bağlı qərar qəbul edib və qonşu ölkə onu bu qərardan daşınmağa çağırır.
Adama deyərlər, ay qardaş, sənə nə?!
Mən bilərəm, vətəndaşım bilər.
Sən müsəlmanların hamisisən? Əgər eləsənsə Yəməndə, Livanda, Sincan-Uyğur vilayətində, Qəzzada, Myanmarda, Hindistanda zülmə məruz qalan müsəlmanlara niyə kömək etmirsən?
Dünyanın müxtəlif ölkələrində müsəlmanlar başından vurulub öldürülür, heç nə etmirsən. Amma Azərbaycanda məktəblilər dərsə girəndə başını açır deyə özünə əl qatmısan.
Budur sizin baş təəssübkeşliyiniz?
Fatih Ərbakan deyir ki, hətta Ermənistanda da belə qayda yoxdur. Komediyadır. Hətta tragikomediyadır. Gör bu şəxs regiona, onun reallıqlarına nə qədər yaddır. Ermənistanda müsəlman varmı ki, hicab da bağlayan olsun?
Digər tərəfdən, nümunə göstərdiyiniz ermənilər 1990-cı illərdə Qarabağda hicablı Azərbaycan qadınlarının başına oyun açanda harada idiniz? Niyə erməni terrorçularının mühasirəsinə düşmüş müsəlman qadınların yardımına gəlmədiniz? Niyə helikopter məsələsində xilasetmə əməliyyatına kömək etmədiniz?
Ermənilər Qarabağda müsəlman qadınların örpəyini açıb təcavüz edəndə harada idiniz?
Budur sizin din təəssübkeşliyiniz?
Söhbət Qarabağdan düşmüşkən, hər dəfə bir ton minnət edirsiniz ki, Qarabağ müharibəsində sizə yardım etdik.
Qardaş da qardaşa minnət qoyarmı?
Rusiya Birinci Qarabağ müharibəsində və sonrakı 26 il ərzində Ermənistana hər cür yardım etdi: hərbi texnika, silah-sursat tədarük etdi, heç kimə vermədiyi raketləri İrəvana bağışladı, hərbi ekspertlərini göndərib təlimlər keçdi, maliyyə baxımından dəstək oldu, ancaq bircə dəfə də Ermənistana minnət qoymadı.
Hətta Ermənistan ondan üz döndərəndə belə Rusiya “Biz sənə Qarabağ müharibəsində kömək etmişdik” deyib dəstəyini başına qaxınc eləmədi.
Azərbaycan xalqı Türkiyənin Qarabağ müharibəsində hərbi texnika (pulla alınıb) və siyasi dəstəyini unutmur və həmişə də qeyd edir: Qarabağ Azərbaycan əsgərinin, ordusunun qəhrəmanlığı, qardaş Türkiyənin siyasi dəstəyi ilə azad edilib. Təbii, Türkiyədən aldığımız dronların da burda rolu var.
Amma Türkiyədə müxtəlif dairələr və şəxslər o qədər minnət qoydular ki, artıq Azərbaycan xalqı da bu minnətdən yorulub, bezib.
Minnət qoymağa qalsa, bizim də əlimiz boş deyil, çox köməyimizi sıralaya bilərik. Amma dediyim kimi, qardaş qardaşa minnət qoymaz!
Narahatlıq doğuran digər məqam isə Türkiyədəki ayrı-ayrı siyasi şəxslərin Azərbaycana hücumunun türk vətəndaşlara təsiridir. Onlar da ciddi şəkildə təsirə düşərək Azərbaycana nifrət etməyə başlayıblar. Təəssüf ki, iki qardaş xalqı parçalamağa çalışan qüvvələr, deyəsən, bunu bacarmaq üzrədirlər.
Lakin bir reallığı başa düşmək lazımdır: Türkiyə Azərbaycana, Azərbaycan da Türkiyəyə lazımdır. Sabah ayağınızın büdrədiyi ilk anda biz köməyinizə gələcəyik, hansısa “ərəbbaş”, “mollabaş”lar yox!
Aqşin Evrən
Globalinfo.az