Bakı Ermənistandan bu kəndi tələb edəcək: Zəngəzurun açar məntəqəsi…

“Brüssel görüşü ənənəvi görüşlərdən heç nə ilə fərqlənməyəcək”.

Bu sözləri mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş və ehtimal nəticələri haqda danışarkən politoloq Züriyə Qarayeva Globalinfo.az-a açıqlamasında deyib.

Züriyə Qarayeva

Onun sözlərinə görə, bundan öncəki görüşdə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılması və iş planının hazırlanması qərara alınsa da, Paşinyan bu istiqamətdə yenə də prosesə əngəl yaradacaq bəyanatlar səsləndirdi:

“Hazırda xəritə məsələsində fikir ayrılığı var. İrəvan 1975-ci il xəritəsinin, Bakı isə AXC dövrünün xəritəsi əsasında bölgü aparılmasının tərəfdarıdır. Hesab edirəm ki, bu məsələdə Bakı tələbini davam etdirəcək. Çünki delimitasiya Cümhuriyyət sərhədlərinə uyğun aparılarsa, Nüvədi kəndi Azərbaycana qaytarıla bilər və bu zaman Naxçıvana vasitəsiz keçid üçün bizim nə Rusiyanın diktəsinə, nə də Ermənistanın razılığına ehtiyacımız olmayacaq. Beləcə, Paşinyanın sabotaj etdiyi sülh müqaviləsi imzalanmadan belə biz Zəngəzur dəhlizinin işləkliyini təmin edə biləcəyik. Əks təqdirdə, Bakı İrəvandan proseslərin kompleks həllini tələb edə bilər ki, düşünürəm, hər iki vəziyyətin Brüsseldə razılaşdırılması mümkünsüzdür.
Rus sülhməramlı qüvvələrin Qarabağda olduğu vaxtda, Ermənistanın Rusiyadan asılı olduğu şərtlərdə (Paşinyanın Moskvada 9 may Paradına qoşulması bunu bir daha sübut edir) bu məsələnin Qərbdə həll olunacağını ehtimal etmək çətindir”.

Turan Rzayev
Globalinfo.az