Xəbər verdiyimiz kimi, Kürdəmirdə “Günəş” şadlıq sarayında keçirilən toy mərasimindən sonra 92 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib. Onlardan 23-nün uşaq olduğu bildirilir.
Bəs toylarda hansı yanlışlara yol verilir? Xüsusilə toy menyusunda nələrə diqqət edilməlidir? Hansı qidalar daha çox zəhərlənmə riski yaradır?
Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov deyib ki, qida zəhərlənmələri, xüsusilə də patogen bakteriyalarla bağlı problem qalmaqdadır:
“Əsas da restoran işlədən sahibkarlara deyirəm: qulağınızı açın, yaxşı eşidin. Mən sizi qida təhlükəsizliyi yox, məhz patogen bakteriyalarla qorxuduram. Çünki bu bakteriyalar heç kimin statusuna baxmır: siz restoran rəhbərisiniz, neçə restoranınız var, nə qədər pulunuz var. Uşaqların da statusuna, onların körpə olmasına baxmır. Hamını zəhərləyir. Sahibkarın buraxdığı böyük səhvlər ucbatından insanlar zəhərlənirlər”.
Ekspert bildirib ki, ət, toyuq, balıq, mayonez, yumurta və bunlardan hazırlanan məhsullar riskli qidalar sırasındadır:
“Bunların hansı şəraitdə qəbul olunması, mənşəyinin məlum olub-olmaması, daha sonra düzgün şəraitdə saxlanması, bişirilməsi, təqdim olunması və müştəriyə çatdırılana qədər bütün qida zəncirində izlənmənin aparılması vacibdir. Əgər bu proseslərin hər hansı birində problem varsa, təbii ki, qida zəhərlənməsi də baş verəcək”.
A.Salamov Kürdəmirdə baş verən zəhərlənmə ilə bağlı patogen bakteriyaların rolunun araşdırılmasının vacib olduğunu deyib:
“Şadlıq evlərində bir sıra mühüm qaydalara əməl olunmaması belə hallara gətirib çıxarır. Birincisi, mal qəbulu düzgün aparılmır. İkincisi, qəbul olunan riskli məhsullar – ət, toyuq, balıq düzgün şəraitdə saxlanılmır. Məsələn, toyuq gələndə onu doğrayırlar və emal prosesini uyğun olmayan temperatur şəraitində aparırlar. Onun soyudulması və işlənməsi düzgün temperaturda həyata keçirilmir. Bəzən soyuducu ilə lazımi səviyyədə təchiz olunmurlar. Soyuducu varsa belə, məhsullar həddindən artıq yüklənir, soyuq hava axınının sirkulyasiyası zəifləyir və nəticədə temperatur artır. Temperaturun yüksəlməsi nəticəsində də patogen bakteriyalar inkişaf edir”.
Ağa Salamov
Ekspert qeyd edib ki, çirklənmiş məhsullardan hazırlanan yeməklərin uzun müddət uyğun olmayan şəraitdə saxlanılması da zəhərlənmə riskini artırır:
“Bir məsələ də menyunun planlaşdırılmasıdır. İndi şadlıq evlərində süfrəni doldururlar. Dolu süfrə isə məhsul çeşidinin çoxluğu deməkdir. Məhsul çeşidinin çoxluğu da o deməkdir ki, həmin restoran kifayət qədər soyuducu ilə təchiz olunmalıdır. Ət üçün ayrıca rəf, toyuq üçün ayrıca rəf, balıq üçün ayrıca rəf olmalıdır ki, çarpaz çirklənmənin qarşısı alınsın”.
A.Salamovun sözlərinə görə, məsələ yalnız soyuducuların mövcudluğu ilə məhdudlaşmır:
“Temperatura nəzarət, məhsulların düzgün saxlanılması və bişirilməsi də mühüm əhəmiyyət daşıyır. İstər orta temperaturda emal olunan ət məhsulları, istər soyuducuda saxlanılan məhsulların düzgün şəraitdə qorunmaması, istərsə də bişirmə zamanı buraxılan texnoloji səhvlər olsun, bütün bunlar qida zəhərlənməsinə səbəb ola bilər. Məsələn, ətin, balığın çiy qalması, toyuğun tam bişməməsi və yaxud turşularla bağlı düzgün texnoloji prosesin aparılmaması da zəhərlənmə riski yaradır”.
Zaira Akifqızı
Globalinfo.az