Prezidentin mühüm bəyanatının şifrələri – Hərbi ekspertlər detalları açdılar

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bir çox maraqlı məqamlara toxunub. Bu mesajlardan biri də Azərbaycanın silah bazarında tutduğu mövqe ilə bağlıdır. Dövlət başçısı dünya silah bazarında hazırkı vəziyyəti təhlil edərkən bildirib ki, Azərbaycan bu məkanda olduqca önəmli bir yer tuta və yüz milyonlarla dollar həcmində silah ixrac edə bilər. Prezident çıxışında qeyd edib ki, Rusiyanın Ukrayna ilə müharibə aparması səbəbindən öz silah potensialı daxili istifadəyə yönəlib, ABŞ ilə Avropa isə silah ixracını Ukraynaya yönəldib və yaranan bu boşluqdan ölkəmiz faydalanmalıdır.

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Globalinfo.az-a açıqlaması zamanı bildirib ki, Azərbaycan son onillikdə silah idxalında ən çox İsrail, Türkiyə, Rusiya və Belarus silahlarına üstünlük verib:

“Başqa ölkələrdən də silah almışıq, lakin onların ümumi silah idxalında payı çox da böyük deyil. Biz hazırkı vəziyyətdə daha çox Türkiyə və İsrail silahlarına üstünlük verəcəyik, çünki onlarla həm də birgə istehsal proseslərini başlamışıq”.

Ekspertin fikrincə, müəyyən orta və kiçik miqyaslı toqquşmalar və düşmən təxribatları mümkündür və Azərbaycan bu təxribatlara cavab vermək məcburiyyətindədir:

“Orduda silah və sursat ehtiyatlarının yaradılması çoxpilləli bir prosesdir. Eşelonlaşdırılma adlandırılan bu proses müharibədən əvvəlki və ya təhdid dövründə başa çatdırılır. Müharibənin gedişatında adətən silah idxal etmək üçün tərəfdaş və ya ölkə axtarılmır. Bunun üçün öncədən zəruri olan ehtiyatların toxunulmaz hissəsi də yaradılır, istehsalçı ilə müəyyən müqavilələr imzalanır ki, zərurət yarandıqda sifariş verildiyindən müəyyən müddət ərzində silahların lazımi ehtiyatları sifarişçi ölkəyə çatdırılır”.

Hərbi ekspert Ədalət Verdiyev

Ə.Verdiyev qeyd edib ki, Azərbaycanın silah-sursat arsenalının doldurulması üçün kifayət qədər alternativlər var:

“Rusiyadan aldığımız sursatların digər ölkələrdən də idxalı mümkündür, bəzilərinin isə Azərbaycanda istehsalı təşkil olunub. Kifayət qədər tərəfdaşlarımız var, eyni zamanda Qoşulmama Hərəkatında da müttəfiqlərimiz çoxdur. Azərbaycan Avropada, həm də keçmiş MDB ölkələrində kifayət qədər ciddi dayaqlara malikdir. Odur ki, Azərbaycanın silah-sursatla bağlı probleminin olacağını düşünmürəm. Bunun üçün hər il hərbi xərclərimiz də zəruri olan miqdarda artırılır”.

Hərbi ekspert Azad İsazadə isə bildirib ki, Azərbaycan istehsal etdiyi silahları dünya bazarına rahat çıxarır, sadəcə bunun genişləndirilməsindən söhbət gedir:

“Adətən müharibələr silah bazarının daha çox inkişaf etməsinə imkan verir. Birincisi, müharibələr həmin silahın keyfiyyətini nümayiş etdirir və bəzən məlum olur ki, çox məşhurlaşmış silah növü reallıqda keyfiyyətli deyil. Qərbdə çox müasir sayılan bəzi top növləri Ukrayna müharibəsində özünü çox yaxşı nümayiş etdirdi, amma həmin silahın davamlılığı çox zəif idi. Bu həmin silahdan imtina edilməsi anlamına gəlmir, onu təkmilləşdirə bilərlər.

Dünya bazarında ikinci yer tutan rus silahları get-gedə sıxışdırılıb çıxarılır. Ona görə yox ki, özünə lazımdır, sadəcə onlar aşağı keyfiyyətli olduğunu nümayiş etdirdi. İlk dəfə bunu Azərbaycan 44 günlük müharibə zamanı göstərmiş oldu. Azərbaycanın ermənilərdən götürdüyü silahları paradda göstərmək istəyi səslənəndə Rusiya bunun baş verməməsi üçün kifayət qədər böyük təzyiqlər göstərdi, amma Azərbaycan vurulmuş, götürülmüş tankları, “Panzer”ləri, topları, “Qrad” qurğularını nümayiş etdirdi. Faktiki olaraq rus silahının nüfuzunu aşağı saldıq. Daha sonrakı məsələ “İsgəndər”lərlə bağlı ortaya çıxdı. Ermənistan Baş naziri Nikol Paşinyan demişdi ki, “İsgəndər”lərin cəmi 10%-i harasa gedib çata bilir. O zaman da Rusiya böyük təzyiqlər etdi, amma sonra Ukrayna müharibəsində bundan on qat daha çox göstərdi ki, rus silahı və “İsgəndər” o qədər də güclü deyil”.

Hərbi ekspert Azad İsazadə

Ekspertin sözlərinə görə, Rusiyaya öz silahı indi lazımdır, amma dünya bazarına çıxarsa, onu alan az olacaq:

“Çünki bundan da yaxşı silahlar var. Bu boşluğu Azərbaycan, Türkiyə, Pakistan və digər silah istehsal edən ölkələr doldura bilər. Bilirsiniz ki, Hindistan Ermənistana silah satmaq, Rusiyadan qaynaqlanan bu boşluğu tutmaq istəyir. Azərbaycan hərbi sənaye kompleksinin dünya bazarında öz mövqeyini möhkəmləndirməsinə böyük şansı var.

Azərbaycan bütün silah ehtiyatlarını özü istehsal edə bilmir, xaricdən kifayət qədər sursat almalıyıq. Ancaq Türkiyə və ya İsrail ilə birgə istehsalı da var. Bu onu göstərir ki, bu silah nə İsrailin, nə də Azərbaycanındır. Qərbdə bu texnologiya çoxdan istifadə olunur. Qərbdə belə silah yoxdur ki, onu əvvəldən axıracan bir ölkə istehsal etsin. İkinci Qarabağ müharibəsində Kanada “Bayrakdar”la bağlı optikanı verməkdən imtina etdi, Türkiyə özü onu istehsal etməyə başladı. Ukrayna müharibəsində Almaniya topları Ukraynaya vermək istəyəndə, İsveçrə hansısa elektronik qurğusunun istifadəsinə icazə vermədi və s. Amma bu gün dünya hərbi sənaye kompleksi praktiki olaraq bir neçə dövlətin birgə iştirakı ilə hansısa silahları istehsal edir.

Azərbaycan ona dost və yaxın olan dövlətlərlə sənaye kompleksini inkişaf etdirməyi planlaşdırır. Ölkəmiz ehtiyacı olan silahları və əsasən də sursatları yaxın illərdə əldə edə biləcək”.

Politoloq Tofiq Abbasov Globalinfo.az-a bildirib ki, Azərbaycan hərbi sənaye sahəsində sərgi və konfranslar keçirir, dünyanın silah istehsal edən şirkətləri bu tədbirlərdə geniş şəkildə təmsil olunurlar:

“Son dəfə belə bir tədbirdə Prezident İlham Əliyev bildirdi ki, bizim geniş planlarımız var, çeşidi artıracağıq. Dünyada hərbi texnologiyalarla bağlı gərgin rəqabət gedir, çünki aparıcı şirkətlər inhisarı öz əllərində saxlamağa çalışırlar. Buna baxmayaraq, Azərbaycan müxtəlif ölkələrlə elmi-texniki əlaqələrini gücləndirir ki, bizim mütəxəssislərimiz yeni, innovativ texnologiyaları mənimsəyə bilsinlər. İqtisadiyyatımızın artımları bizə imkan verir ki, əlavə gəlirlərdən istifadə edərək lazımi xərcləri özümüz ödəyək və bu proseslərə kənar qüvvələri cəlb etməyək. Burada həm də məxfilik prinsipi özünü əks etdirməlidir.

Politoloq Tofiq Abbasov

Prezidentin “dünyada elə bir məsələ yoxdur ki, həlli olmasın” fikri bu sahəyə də aiddir. Əgər biz milli zəmində yeni prioritetləri müəyyən ediriksə, bu hədəflərə çatmaq metodologiyadan və taktiki, strateji gedişlərdən asılı olur. Bir qayda olaraq görürük ki, dövlət başçısı strateji əhəmiyyətli məsələlərin həllində bir addım geriyə atmağı qeyri-məqbul sayır, ancaq və ancaq irəli getmək lazımdır. O baxımdan, verdiyi tapşırıqlar və müəyyən etdiyi hədəflər həmişə günün tələbinə uyğundur Dünən səsləndirilən mesajlar həm aktualdır, həm də bizim üçün əlçatandır”.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində də nümayiş etdirilir.

İlk növbədə, Silahlı Qüvvələrin atıcı silahlara, piyada və tank əleyhinə minalara, qumbaraatanlara, minaatanlara və müvafiq döyüş sursatlarına olan tələbatı nəzərə alınaraq müxtəlif çaplı tapança, avtomat, pulemyot, snayper tüfəngləri və patronların istehsalı mənimsənilmiş və seriyalı tədarükünə başlanılıb.

Müdafiə Sənayesi Nazirliyinin tabeli birlik və müəssisələrində qısa müddət ərzində 1000-dən artıq məhsul növünün istehsalına nail olunub.

Ötən müddətdə Türkiyə, Cənubi Afrika, Rusiya, Serbiya, İsrail və sair ölkələrin tanınmış şirkətləri ilə əməkdaşlıq çərçivəsində mənimsənilərək tətbiq edilmiş texnologiyalar üzrə 50-dən çox yeni istehsal sahəsi yaradılıb. Atıcı silahlar və onların patronlarının, tapança, avtomat, pulemyot və toplar üçün müxtəlif çaplı lülələrin, 122 və 125 mm-lik tank və artilleriya topları üçün atəş yığımlarının istehsalı, qumbaraatan və minaatanların atəş yığımlarının doldurulma sahələri, optik cihazların, zirehli döyüş maşınlarının və s. hazırlanması bu yönümdə görülmüş işlərin bariz göstəricisidir.

Nəticədə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müdafiə təyinatlı, o cümlədən silah və sursatlara, hərbi texnika və digər məmulatlara olan tələbatı ödənilməklə yanaşı, istehsal olunan məhsulların bir sıra ölkələrə ixracı da təmin edilib. İndi ən müasir tələblərə cavab verən müxtəlif kalibrli pulemyot, snayper tüfəngi, avtomatik toplar, artilleriya və tank topları üçün lülə və mərmilərin, optik nişangahların, gecəgörmə cihazlarının yaradılması və seriyalı istehsalı istiqamətində ardıcıl işlər aparılır. Hazırda PUA-ların, kəşfiyyat-patrul maşınlarının, döyüş modullarının, müxtəlif növ simulyasiya sistemlərinin işlənilməsi, ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi və seriyalı istehsalının təşkili ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Gülnar Səlimova
Globalinfo.az