Amerikadan Bakıya kəşfiyyat “zərbəsi” – Vaşinqton “ağır artilleriya”sını niyə geri çəkdi?

“Blinkenin adından ortaya atılan iddianın Azərbaycana mesaj xarakteri daşıdığını deyə bilərik”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

Asif Nərimanlı

Onun sözlərinə görə, bu mesajın arxasında ilk baxışda ABŞ-dakı erməni diasporu, lobbisinin dayandığını görünür:

“Təbii ki, onların məqsədi Azərbaycanı təcavüzdə ittiham etmək, bu istiqamətdə beynəlxalq ictimai təzyiq formalaşdırmaqdır. Hərçənd, “Politiko” nəşrinin sıradan media orqanı olmadığını nəzərə alsaq, Blinkenin Konqresdə belə danışdığı da istisna edilməməlidir. Misal üçün, antiterror tədbirlərindən iki gün öncə – 17 sentyabrda ABŞ, Avropa İttifaqı və Rusiya nümayəndələrinin İstanbulda gizli görüş keçirdiyini də bu nəşr yazmışdı. Sonradan məlumat təsdiqləndi. İndi bu məlumatın doğruluq payının olması da diqqətdən qaçmamalıdır.

Mümkündür ki, Blinken ermənipərəst konqresmenlərin istədiyi cavabı vermək üçün belə deyib, yaxud bir neçə aydan sonra – 2024-cü ilin yanvar ayında keçiriləcək prezident seçkiləri öncəsi Bayden Administrasiyası yenidən erməni seçicilərin səslərinə oynayır. Bütün bunların fonunda ABŞ-ın da bu informasiyanın yayılmasında maraqlı tərəf olduğu istisna edilməməlidir.

Vaşinqton bununla Bakıya Qərb masasındakı danışıqlara loyallıq göstərməsi üçün mesaj verdiyini deyə bilərik. Çünki Azərbaycan Fransaya görə haqlı olaraq Qranada görüşündən imtina etdi, bu isə Qərb platformasını arxa plana keçirir, əvəzində Rusiyanın vasitəçiliyini aktuallaşdırır. Bununla yanaşı, Qərb masasında kommunikasiyanın açılması, xüsusilə Zəngəzur dəhlizi məsələsi və sərhədin delimitasiyası bizim istəklərimizə uyğun deyil. Görünür, ABŞ danışıqlarda Qərbin vasitəçiliyini önə çıxarmaq işini üzərinə götürüb və Azərbaycana qarşı “işğal” ittihamlarının gündəmə gətirilməsi ilə Bakıya bu istəyinin nəzərə almasının vacibliyini çatdırır”.

Turan Rzayev
Globalinfo.az