iran abs muharibe 900x600 3

ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyata hazırlaşdığı barədə məlumatlar yayılıb. Bildirilir ki, yekun qərar ABŞ Prezidenti Donald Trampın mövqeyindən asılı olacaq.

Globalinfo.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji “B-2 Spirit” bombardmançıları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, uzunmüddətli hava əməliyyatları üçün zəruri sayılan onlarla yanacaqdaşıyan təyyarə isə ön mövqelərə yerləşdirilib.

Eyni zamanda ABŞ-ın ikinci aviadaşıyıcı zərbə qrupu Yaxın Şərq istiqamətində hərəkət edir və qısa zamanda Aralıq dənizinə çatacağı gözlənilir. Məlumata görə, aviadaşıyıcının İsrail sahilləri yaxınlığında yerləşdirilməsi planlaşdırılır.

Mənbələrin məlumatına əsasən, ABŞ və İsrail İranın ballistik raket bazaları, nüvə obyektləri və İslam İnqilabı Keşikçiləri Korpusuna aid hərbi infrastrukturu hədəf ala biləcək əməliyyat variantlarını müzakirə edir. Məqsəd Tehrana nüvə danışıqları ilə bağlı güzəştlərə getməsi üçün təzyiq göstərməkdir.

Bildirilir ki, ABŞ regionda genişmiqyaslı hava kampaniyası aparmağa imkan verən hərbi qüvvə toplayıb. Bununla yanaşı, bəzi mənbələr Yaxın Şərqdə yerləşən Amerika bazalarının mümkün İran cavab zərbələrinə qarşı tam qorunmadığını da qeyd edir.

Ağ Ev isə hələlik yekun qərarın verilmədiyini bildirir. ABŞ administrasiyasında həm hərbi əməliyyat, həm də diplomatik variantlar paralel şəkildə müzakirə olunur. Prezident Donald Trampın əsas prioritetinin İranın nüvə proqramının dayandırılması olduğu vurğulanır.

Qeyd edək ki, Vaşinqton və Tehran arasında Cenevrədə keçirilən son danışıqlarda müəyyən irəliləyiş əldə olunsa da, tərəflər bir sıra əsas məsələlər üzrə hələ də razılığa gələ bilməyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: