owl detail 620 60d731a8ae06a131ea9aa55874791f72

Sovet və Rusiya kosmonavtlarının uçuş zamanı özləri ilə tapança götürməsinin səbəbi kosmosda silahdan istifadə etmək deyil, Yerə qayıdarkən yarana biləcək fövqəladə vəziyyətlərdə sağ qalmaq olub.

Globalinfo.az xəbər verir ki, bu barədə silah eksperti, Guns Club portalının baş redaktoru Aleksey Sergeyev məlumat verib. 

Onun sözlərinə görə, eniş kapsulu nəzərdə tutulan nöqtədən kənara, məsələn, tayqaya və ya əlçatmaz əraziyə düşə bilərdi. Belə hallarda kosmonavtların özlərini qoruması, qida əldə etməsi və xilasetmə qruplarına yerini bildirməsi üçün silaha ehtiyac yaranırdı.

Sergeyev bu zərurəti kosmonavt Aleksey Leonovun başına gələn hadisə ilə izah edib. Leonovun fövqəladə ehtiyat dəstində Makarov tapançası olub. Ekipaj atəş açmaqla axtarış qrupunun diqqətini cəlb edə bilib. Bundan sonra silahın kosmonavtların qəza ehtiyatına müdafiə vasitəsi kimi deyil, çoxfunksiyalı sağqalma aləti kimi daxil edilməsinin vacibliyi ortaya çıxıb.

Bu məqsədlə SSRİ-də xüsusi olaraq TP-82 adlı üçlüləli tapança hazırlanıb. Silahın iki hamar lüləsi 32 kalibrli, digər yivli lüləsi isə 5,45 millimetrlik xüsusi patron üçün nəzərdə tutulmuşdu. TP-82 vəhşi heyvanlardan qorunmaq, ovlamaqla qida əldə etmək və təhlükə siqnalları vermək üçün istifadə edilə bilirdi.

Tapançanın dəstinə çıxarıla bilən qundaq da daxil idi. Onun konstruksiyasına əlavə olaraq pala yerləşdirilmişdi.

TP-82 1980-ci illərdən etibarən kosmonavtların qəza ehtiyatına daxil edilib. Lakin 2007-ci ildə bu silahdan imtina olunub. Sonrakı mərhələdə adi tapançalar da kosmonavtların daşınan qəza ehtiyatından çıxarılıb.

Sergeyev bildirib ki, hazırda Rusiya kosmonavtları uçuşlara odlu silah aparmırlar. Bununla belə, silahın yenidən qəza ehtiyatına qaytarılması məsələsi vaxtaşırı müzakirə olunur.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: