Baki nizami kecesi tarqovi 1

“Xaqani Şirvaninin adını daşıyan, keçmiş “Molokan bağı”nda maraqlı bir heykəllər qrupu var. Bu kompozisiya “Üç gözəl” adlandırılır. Heykəllər qrupunun tarixi barədə demək olar ki, məlumat yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev öz məqaləsində qeyd edib.

O, sözügedən heykəllərin tarixçəsi ilə bağlı maraqlı məlumatları bölüşüb:

“Bakıda bu barədə söhbət etdiyim yaşlı insanlar deyirlər ki, heykəllər qoyularkən onların Qafqazın üç xalqını – azərbaycanlıları, gürcüləri və erməniləri simvolizə etməsi nəzərdə tutulub. Bunun üçün heykəllərin formasına baxmaq kifayətdir. Fiqurların bədən quruluşu, baş örtükləri və ibadət formaları elə təsvir edilib ki, onların üç xalqı təmsil etdiyi qənaətinə gəlmək mümkündür.

Lakin digər yaşlı insanların söylədiklərinə görə, həmin dövrdə Bakıda yayılan şəhər əfsanəsinə əsasən, heykəlləri hazırlayan memar təbiətin üç ünsürünü – günəşi, havanı və suyu simvolizə etməyi nəzərdə tutub.

Digər iddialara görə, kompozisiya inam, ümid və sevgini təcəssüm etdirir. Oxuduğum bəzi qeydlərdə isə heykəllər qadın ömrünün üç mərhələsi – gənc qız, ana və müdrik qadın kimi yozulur. Hər üç fiqurun başını fərqli istiqamətə çevirməsi də keçmişə, bu günə və gələcəyə baxışı simvolizə edir”.

IMG 3159

Tarixçi mənbələrə istinadən qeyd edir ki, heykəl kompozisiyası İkinci Dünya müharibəsindən sonrakı yenidənqurma illərində, 1960-cı illərdə quraşdırılıb:

“Bakı şəhərinin əfsanəvi simalarından biri kimi xatırlanan Əliş Ləmbəranskinin təşəbbüsü ilə yaradılan bu kompozisiyanın orijinalı 1990-cı illərdə yoxa çıxıb. Bu gün həmin ərazidə gördüyümüz heykəllər orijinal deyil.

Bir vacib faktı da əlavə edim: mərhum Əliş müəllim bu heykəllərin Bakıda ucaldılması üçün dövrün sərt senzura maneələrini aşmalı olub və buna nail olub. Əks halda, çılpaq və minimalist üslubda işlənmiş belə heykəllərin Bakı kimi şəhərdə yerləşdirilməsi qeyri-mümkün idi.

Müstəqillik illərində bağ yenidən təmir edilərkən sənətkarlar arxiv fotoları əsasında heykəllərin surətini hazırlayaraq əvvəlki yerlərinə qaytarıblar. Orijinal fiqurların taleyi isə bu günə qədər naməlum olaraq qalır. Şəhərin ən məşhur və mərkəzi abidələrindən biri olmasına baxmayaraq, heç bir rəsmi kataloqda və ya arxiv sənədində bu əsərin heykəltəraşının adı qeyd olunmayıb.

Əslində, heykəlin “Üç gözəl” adlandırılması bakılıların təşəbbüsü ilə baş verib. Reallıqda kompozisiyanın heç vaxt rəsmi adı olmayıb. Bu ad qədim yunan mifologiyasındakı gözəllik və zəriflik ilahələri – Xaritalarla bənzərlik əsasında bakılılar tərəfindən verilib.

Maraqlı faktlardan biri də budur ki, bu tip heykəllər Osmanlı dövlətində də olub. Xalqın etirazlarına baxmayaraq, Sultan I Süleymanın vəziri Parqalı İbrahim Paşanın Mohaç döyüşündən sonra Budindən gətirdiyi, “Üç gözəl” adlandırılan heykəllər At meydanında yerləşən sarayının bağçasında ucaldılmışdı.

Bakının mərkəzində bu cür sirli və maraqlı heykəl kompozisiyalarına rast gəlmək mümkündür.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: