Dünya Rusiya, ABŞ və Çin arasında təsir dairələrinə bölünmə təhlükəsi ilə üzləşir. Bu proses fonunda kiçik dövlətlərin öz müstəqilliklərini və təhlükəsizliklərini qorumaq üçün birləşməli olacağı bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Economist” jurnalında dərc olunan məqalədə qeyd olunub.
Belə ki, Rusiya-Ukrayna müharibəsi, Çin-Tayvan gərginliyi, eləcə də Donald Tramp administrasiyasının beynəlxalq təşkilatlardan geri çəkilməsi və mövcud dünya qaydalarını pozan siyasəti qlobal sistemdə ciddi dəyişikliklərə səbəb olur.
Nəşr mümkün iki ssenarini nəzərdən keçirir. Birinci ssenariyə görə, beynəlxalq institutlar fəaliyyətlərini davam etdirəcək, lakin onların təsir gücü və effektivliyi azalacaq. İkinci ssenaridə isə böyük dövlətlər digər ölkələrə öz şərtlərini açıq şəkildə diktə etməyə başlayacaq.
Məqalədə vurğulanır ki, Kanada və Avropa ölkələri Moskva, Vaşinqton və Pekindən həddindən artıq asılılığın qarşısını almaq üçün orta güclər arasında əməkdaşlığı və ittifaqları gücləndirməyə çalışırlar.
“The Economist” yeni “Yalta” formatının yaranmasının da mümkün olduğunu qeyd edir. Belə bir razılaşma Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında dünyanın təsir dairələrinə bölünməsini nəzərdə tuta bilər.
Nəşrin qiymətləndirməsinə görə, bu cür geosiyasi razılaşma Ukrayna üçün məcburi təslimiyyət anlamına gələ bilər.
Tahir Turan
Globalinfo.az