“İranda 45 milyon türk yaşayır və bu əhali ciddi təzyiq altındadır. Buna görə də Cənubi Azərbaycan məsələsi çox vacibdir. İran bir tərəfdən türklərə təzyiq edərkən, digər tərəfdən gizli şəkildə PKK/KCK-nın İran qolu olan PJAK-ı dəstəkləyir və bu təşkilatları Türkiyə sərhədinə yaxın ərazilərdə yerləşdirir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında deyib.
“İran parçalanarsa, Türkiyə və Azərbaycan bu bölgəni PKK/PJAK-a təslim etməməlidir. Təslim etməyəcək də. Türkiyə və Azərbaycan boş oturmur. Bu sözlərə görə hücuma məruz qalacağımızı bilirik. Amma bunu açıq şəkildə demək lazımdır. Plan PKK və PJAK vasitəsilə türkləri bölgədən çıxarmaq, Türkiyə sərhədini ələ keçirmək və orada “sionist dövlət” qurmaqdır”, – deyə ekspert bildirib.
Prof. Dr. Cihat Yaycı
Yaycı qeyd edib ki, Suriya və Türkiyədən çıxan təşkilat üzvləri İraqa keçirlər:
“İndi isə İraqı boşaldıb İrana doğru hərəkət edirlər. Heç kim “Terrorsuz Türkiyə” prosesi zamanı Türkiyə və İraqı tərk edənlərin və “suriyalı olmayanlar getməlidir” deyildikdən sonra Suriyanı tərk edənlərin hara getdiyini soruşmur. Hara yoxa çıxdılar? İndiyə qədər bir dənə də olsun silah təslim etməyiblər. ABŞ-ın onlara verdiyi silahları özləri ilə İrana aparırlar. İran isə onların keçməsinə izn verir. Əgər İran parçalanarsa, Türkiyə və Azərbaycan orada yaşayan 45 milyon türkü mütləq qorumalıdır. İran türkləri də Türkiyə və Azərbaycanın onları dəstəkləməsini gözləyirlər”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul