Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmaqla bağlı ciddi danışıqlara hazır deyil və döyüş əməliyyatlarını ən azı 2027-ci ilin qışının sonunadək davam etdirməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” Qərb kəşfiyyat xidmətlərinin qiymətləndirmələrinə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Putin Rusiya ordusunun Ukraynanın şərqində daha çox irəliləyəcəyinə və ya Kiyevə raket və dron hücumlarının Ukraynanın müqavimətini zəiflədəcəyinə ümid bəsləyir.
Bununla yanaşı, Rusiyanın ciddi itkiləri, səfərbərliklə bağlı çətinliklər və iqtisadi qeyri-sabitlik Kremlə təzyiqləri artırır. Kəşfiyyat mənbələrindən bəziləri hesab edir ki, müharibə Putinə ölkə daxilində tənqidi səsləri susdurmaq imkanı da verir.
Fransanın Vaşinqtondakı səfiri Orelien Leşevalye bildirib ki, Putin öz hakimiyyətini və siyasi xəttini möhkəmləndirmək üçün müharibənin davam etməsində maraqlıdır. O, Rusiya liderinin qismən atəşkəs təklifinə qarşı çıxmasını da xatırladıb.
Kəşfiyyat xidmətlərinin qiymətləndirməsinə görə, Putin yalnız Moskvanın maraqlarına uyğun şərtlərlə sülh razılaşmasına gedə bilər. Kreml bütün Donbasın Rusiyaya verilməsini və Ukraynanın NATO-ya üzv olmayacağına dair öhdəlik götürməsini tələb edəcək. Lakin Kiyevin bu şərtləri qəbul etməyəcəyi bildirilir.
Nəşrin həmsöhbətləri hesab edirlər ki, Moskva danışıqları uzadaraq 2027-ci ildə Avropada keçiriləcək seçkilərdən sonra Ukraynaya dəstəyin zəifləyəcəyinə ümid edə bilər.
Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar keçirilib. ABŞ tərəfi Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsini təklif edib. Ərazi məsələlərinin isə danışıqların son mərhələsində müzakirəsi nəzərdə tutulur.
“The Economist” nəşrinin məlumatına görə, ABŞ danışıqlarda Donetsk və Luqansk vilayətlərinin sərhədlərinin dəyişdirilməsi təklifini də irəli sürüb. Bu, Rusiyaya Ukrayna şəhərlərini ələ keçirmədən həmin ərazilərə nəzarət etdiyini bəyan etmək imkanı verə bilərdi. “The Telegraph” isə Kiyevin bu təklifi rədd etdiyini yazıb.
Əliyar Xəlil