Almaniyanın xarici işlər naziri Yohan David Vadeful 17-18 noyabr tarixlərində Bakıda səfərdə olub. Almaniyanın XİN rəhbəri səfər çərçivəsində Prezident İlham Əliyev, eləcə də azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar aparıb. Mənə görə, səfərin diqqət çəkən tərəfi Berlinin regionda formalaşan yeni siyasi və iqtisadi reallıqlara münasibətini ortaya qoymasıdır.
Almaniya Qərbi Avropanın ən praqmatik və konstruktiv xarici siyasət yürüdən dövlətlərindən biridir. Berlinin Azərbaycanla münasibətləri də uzun müddətdir qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq üzərində qurulub. Tərəflər arasında müxtəlif məsələlərə dair fikir ayrılıqları mövcud olsa da, siyasi dialoq, iqtisadi əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq davam edib. Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətdə Almaniya ilə münasibətlər xüsusi yer tutur. Çünki Berlin Avropa İttifaqının aparıcı siyasi və iqtisadi güclərindən biri olmaqla yanaşı, Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm tərəfdaşdır.
Son dövrlərdə Bakı-Berlin münasibətlərində diqqətçəkən dinamika müşahidə olunur. Xüsusilə Prezident İlham Əliyevin bu ilin iyulunda Almaniyaya rəsmi səfəri zamanı imzalanan Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Səfər çərçivəsində Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti ilə bağlı sənədin imzalanması da əməkdaşlığın yalnız siyasi dialoqla məhdudlaşmadığını göstərir. Bu sənədlər tərəflərin münasibətləri daha sistemli və uzunmüddətli əməkdaşlıq formatına keçirmək niyyətini ortaya qoyur.
Vadefulun Bakı səfərində iqtisadi və enerji məsələlərinin xüsusi yer tutması da təsadüfi deyil. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır. Üstəlik, bu ildən Azərbaycan qazının Almaniyaya ixracına başlanması ikitərəfli münasibətlərə yeni iqtisadi məzmun qazandırıb. Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi və təchizatın etibarlılığı strateji əhəmiyyət daşıyır. Azərbaycan isə öz növbəsində Avropa bazarında mövqelərini genişləndirmək, enerji əməkdaşlığını yeni investisiya və texnologiya layihələri ilə tamamlamaq istəyir. Bu baxımdan, Bakı ilə Berlin arasında münasibətlər qarşılıqlı ehtiyac və konkret iqtisadi maraqlar üzərində inkişaf edir.
Nəqliyyat və logistika
Azərbaycanın Orta Dəhlizdəki mövqeyi, Xəzər üzərindən Avropa ilə Asiyanı birləşdirən marşrutların əhəmiyyətinin artması Almaniyanın regiona marağını gücləndirir. Berlin üçün Cənubi Qafqaz yalnız enerji mənbəyi deyil, həm də Avropa ilə Asiya arasında alternativ ticarət və nəqliyyat bağlantılarının inkişaf edə biləcəyi strateji coğrafiyadır. Bu səbəbdən Azərbaycanla əməkdaşlığın genişləndirilməsi Almaniyanın iqtisadi maraqları ilə yanaşı, Avropanın daha geniş bağlantı strategiyasına da uyğundur.
Vadefulun Bakı səfərinin ən mühüm siyasi istiqaməti, şübhəsiz ki, Azərbaycan-Ermənistan münasibətləri və sülh prosesidir. Almaniya uzun müddətdir iki ölkə arasında münasibətlərin normallaşmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Berlin bu məsələdə diplomatik fəallığını artırmağa çalışır. Təsadüfi deyil ki, Vadeful Ceyhun Bayramovla birgə mətbuat konfransında Ermənistan səfərində sülh məsələsinin əsas müzakirə mövzularından biri olacağını bildirib. O, “Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın. Azərbaycan Prezidenti də buna hazırlığını ifadə edib”, – deyə vurğulayıb.
Bu açıqlamada diqqət çəkən məqam Almaniyanın sülh prosesinə münasibətidir. Berlin Azərbaycanın sülh müqaviləsinin imzalanmasına hazır olduğunu açıq şəkildə qeyd edir və bu mövqeyi müsbət qiymətləndirir. Digər tərəfdən, Vadefulun İrəvana səfəri də göstərir ki, Almaniya prosesi yalnız Bakı ilə apardığı danışıqlar çərçivəsində deyil, hər iki tərəflə paralel siyasi dialoq vasitəsilə dəstəkləmək niyyətindədir. Burada Almaniyanın əsas marağı Cənubi Qafqazda uzunmüddətli sabitliyin yaranması, nəqliyyat əlaqələrinin açılması və regionun Avropa ilə iqtisadi inteqrasiyasının genişlənməsidir.
Berlinin regional mövqeyi
Almaniya üçün Cənubi Qafqazın gələcək geosiyasi istiqaməti də əhəmiyyətlidir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər, Moskvanın regiondakı ənənəvi təsir imkanlarının müzakirə mövzusuna çevrilməsi və alternativ nəqliyyat marşrutlarının əhəmiyyət qazanması Berlinin Cənubi Qafqaza marağını artırıb. Vadefulun səfərdən əvvəl verdiyi açıqlamada Rusiyanın regionda öz təsirini qorumağa çalışdığını və dövlətlərin gələcəyini Moskvada deyil, özlərinin müəyyən etməli olduğunu vurğulaması da bu baxımdan diqqətəlayiqdir.
Burada Azərbaycanın mövqeyi xüsusilə önəmlidir. Bakı regionda sülhün təmin olunmasını dəstəkləməklə yanaşı, xarici siyasətində müstəqil qərarvermə prinsipini qoruyur. Azərbaycan Almaniya ilə münasibətləri inkişaf etdirir, Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir, eyni zamanda regionun digər güc mərkəzləri ilə də əlaqələrini davam etdirir. Bu siyasət Azərbaycanın geosiyasi rəqabətin iştirakçısına çevrilmədən öz milli maraqlarını təmin etmək imkanlarını artırır.
Ümumilikdə, Vadefulun səfəri Berlinin Bakı münasibətləri daha da dərinləşdirmək və Cənubi Qafqazda sülh prosesinə siyasi dəstəyini davam etdirmək niyyətini göstərir. Almaniya üçün Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik baxımından mühüm tərəfdaşdır. Bakı üçün isə Berlinlə münasibətlərin inkişafı Avropa ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı