Qonşumuz olan bir ölkə ilə sülh yaratdıq və adətən münaqişələri olan qonşular arasında sülh yaranır. İndi bu sülhün sənədi, bəyanatları və paraflanmış yekun razılaşması var. İndi deyirik ki, sülhümüz varmı? Var. Tranzitimiz varmı? Var. İkitərəfli ticarətimiz varmı? Var. Sülhün möhkəmləndirilməsinə töhfə verən başqa şeylərimiz varmı? Var. İndi bu münaqişəni bağlamaq üçün son imzalanma, institusionalizasiya yolu ilə getməliyik ki, Ermənistanın uzunmüddətli sülh, inkişaf və rifah dövrünə başlaması mümkün olsun.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan parlamentdə müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Suzanna Avetisyan Bakıda həbsdə olan erməni əsilli separatçı-terrorçuların “geri istənilməsi” ilə bağlı sualına cavab olaraq deyib.

“Münaqişə dövründən qalan amillər varmı? Bəli, əlbəttə ki, var. Bu, bir kliklə baş vermir, bu, həmin sülhü qurmaq üçün addım-addım səydir. Bəli, Bakıda saxlanılan insanlar var və bu, sülhə töhfə vermir, amma eyni zamanda, əgər biz gedib desək ki, bu məsələ həll olunana qədər sülh müqaviləsini imzalamayacağıq, sizcə, bu, bizi bütün məsələlərin yekun həllinə yaxınlaşdıracaqmı?” – o bildirib.

Yeni konstitusiyanın qəbul edilməsi məsələsinə toxunan Ararat Mirzoyan vurğulayıb ki, Ermənistan qarşısında belə bir tələb qoyulmayıb.

Avetisyan Ararat Mirzoyana gedib qurbanların qohumlarından sülh olub-olmadığını soruşmağı məsləhət görüb. Buna cavab olaraq Ararat Mirzoyan qeyd edib:

“Yaxşı, sizə də məsləhət görərəm ki, gedib minlərlə hərbçinin ailə üzvləri ilə görüşüb sülh olub-olmadığını soruşasınız. Həmçinin sizə məsləhət görərəm ki, gedib Tavuş bölgəsinin sərhədyanı kəndlərinin sakinləri ilə görüşüb sülh olub-olmadığını öyrənəsiniz. Qorxuram ki, həqiqəti o qədər öyrənəcəksiniz ki, sonradan buraya gələndə nə deyəcəyinizi bilməyəcəksiniz.

Bu həssas məsələləri daim manipulyasiya etməklə nəsə qazandığınızı düşünürsünüzmü? Cermuk haqqında məndən daha çox düşündüyünüzü düşünürsünüzmü? Çox yanılırsınız. Əsirlər haqqında məndən daha çox düşündüyünüzü düşünürsünüzmü? Vətənpərvərliyi necə ölçürsünüz? Sürətölçən, sayğac, tərəzi varmı? Yaxşı, onları çıxaraq, ölçək. Bəsdir, sülh olacaq. Ölsəniz belə, sülh olacaq”.

Paylaş: