“The Economist” jurnalı ənənəvi illik proqnozların əks edildiyi yeni buraxılışının üz qabığını paylaşıb. 2027-ci ildə dünyanı nələrin gözlədiyi, ayrı-ayrı böhranların, bir-birini gücləndirən siyasi, hərbi, iqtisadi və texnoloji qarşıdurmaların əks olunduğu üz qabığı maraq doğurur.
İlk diqqət çəkən detal, heç şübhəsiz, qara, qırmızı və ağ rənglərin üstünlük təşkil etdiyi kompozisiyadır. Bu, heç də nikbin gələcək mənzərəsi yaratmır. Əksinə, təsvirin demək olar ki, hər hissəsində təhlükə, rəqabət, nəzarət və qeyri-müəyyənlik elementləri görünür.
Üz qabığının mərkəzində yerləşdirilmiş süni intellekt simvolu isə xüsusilə maraqlıdır. Bu, texnologiyanın artıq iqtisadiyyatın ayrıca bir sahəsi olmaqdan çıxdığını, siyasətdən təhlükəsizliyə, hərbi sənayedən əmək bazarına qədər bütün istiqamətlərə təsir göstərən əsas güc amilinə çevrildiyini göstərən mesaj kimi oxuna bilər. Süni intellekt bir tərəfdən məhsuldarlığı və innovasiyanı artırmağı vəd edir, digər tərəfdən isə dövlətlər arasında yeni texnoloji silahlanma yarışını sürətləndirir. Burada verilən mesaj kimin həmin texnologiyaya nəzarət etməsi və onu qlobal üstünlüyə çevirməsidir.
Üz qabığında süni intellektin ətrafında yerləşdirilən hərbi texnika, raketlər, tanklar və partlayış təsvirləri texnoloji inkişafla təhlükəsizlik dilemmasının paralel şəkildə böyüdüyünə işarə edir. Aydın məsələdir ki, müasir müharibələr artıq yalnız canlı qüvvə və ənənəvi silahlarla aparılmır. Dronlar, peyklər, süni intellekt, kiberhücumlar və məlumat üstünlüyü hərbi strategiyaların ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan, jurnalın təsvirində texnologiya ilə müharibənin eyni kompozisiyada təqdim edilməsi təsadüfi görünmür. İstisna deyil ki, verilən mesaj gələcəyin əsas qarşıdurmalarından biri məhz texnoloji üstünlüyün hərbi və siyasi gücə çevrilməsi uğrunda olacaq.
Siyasi mesajlar
Digər diqqət çəkən elementlərdən biri də siyasi liderlərin təsviridir. Kompozisiyanın yuxarı hissəsində bir neçə dövlət və hökumət başçısını xatırladan fiqurların bir sırada yerləşdirilməsi qlobal siyasətdə lider faktorunun əhəmiyyətini ön plana çıxarır. Bununla yanaşı, müxtəlif siyasi və dövlət institutlarını xatırladan binaların, bayraqların, kütləvi insan qruplarının təsviri göstərir ki, qarşıdakı dövrdə hakimiyyət uğrunda mübarizə yalnız beynəlxalq münasibətlər səviyyəsində deyil, ölkələrin daxilində də davam edəcək. Cəmiyyətlərin siyasi qütbləşməsi, seçkilərin nəticələrinə təsir göstərmək cəhdləri, populizmin yüksəlişi və ənənəvi siyasi elitalara etimadın azalması bir çox dövlət üçün ciddi sınaq olaraq qalacaq.
Üz qabığının sağ tərəfində Kremlə bənzəyən tikilinin və saat qülləsinin yerləşdirilməsi də xüsusi diqqətə layiqdir. Bu təsvir Rusiyanın qlobal təhlükəsizlik arxitekturasındakı rolunu, Moskva ilə Qərb arasındakı qarşıdurmanın davam edən xarakterini xatırladır. Hərbi texnikanın, raketlərin və partlayışların eyni təsvir daxilində yer alması isə müharibə riskinin dünya gündəmindən çıxmadığını göstərir. Ukrayna müharibəsinin nəticələri, Avropanın təhlükəsizlik gələcəyi, NATO-Rusiya münasibətləri və nüvə çəkindirməsi kimi məsələlər beynəlxalq sistemin gələcək istiqamətini müəyyənləşdirən amillər olaraq qalır.
Hərbi mesaj
Üz qabığında raketlər, hərbi gəmilər, tanklar və döyüş təyyarələrinin çoxluğu qlobal silahlanma yarışının daha da sürətlənəcəyinə dair xəbərdarlıqdır. Dövlətlər müdafiə büdcələrini artırdıqca, hərbi sənaye iqtisadiyyatın daha böyük hissəsinə çevrilir. Bu prosesin paradoksal tərəfi ondan ibarətdir ki, təhlükəsizliyi təmin etmək məqsədilə silahlanmağı artıran ölkələr eyni zamanda qarşılıqlı etimadsızlığı və mümkün münaqişələrin miqyasını da böyüdürlər. Başqa sözlə, sülhü qorumaq üçün hazırlanan hərbi potensial bəzən müharibə riskini azaltmaq əvəzinə, rəqiblər arasında yeni silahlanma dövrünü başladır.
İqtisadi mesaj
Pul dəstələri, qrafiklər, maliyyə və sənaye obyektləri, eləcə də enerji infrastrukturu qlobal iqtisadiyyatın siyasi proseslərdən ayrı mövcud ola bilməyəcəyini göstərir. Dünya iqtisadiyyatı artıq yalnız istehsal, ticarət və investisiya göstəriciləri ilə izah edilmir. Sanksiyalar, tariflər, təchizat zəncirlərinin yenidən qurulması, strateji xammala nəzarət və texnoloji məhdudiyyətlər iqtisadi münasibətləri geosiyasi mübarizənin alətinə çevirib. Xüsusilə ABŞ və Çin arasındakı rəqabət bu tendensiyanın əsas istiqamətlərindən biridir. Qarşıdakı dövrdə iqtisadi üstünlük uğrunda mübarizənin yarımkeçiricilərdən süni intellektə, nadir torpaq elementlərindən enerji resurslarına qədər genişlənməsi gözlənilən ssenarilər sırasındadır.
Enerji mesajı
Neftlə bağlı təsvirlər, sənaye infrastrukturu, yanğınlar və nəqliyyat vasitələri qlobal enerji sisteminin transformasiyasına işarə edir. Bərpaolunan enerji mənbələrinə keçid sürətlənsə də, ənənəvi enerji resurslarının strateji əhəmiyyəti aradan qalxmır. Əksinə, enerji təhlükəsizliyi dövlətlərin xarici siyasətində mühüm mövqe tutmağa davam edir. Burada əsas ziddiyyət ondan ibarətdir ki, dünya bir tərəfdən karbonsuzlaşma hədəflərinə doğru irəliləyir, digər tərəfdən isə iqtisadiyyatın və hərbi sənayenin ehtiyacları səbəbindən neft, qaz və digər ənənəvi resurslardan asılılığını qoruya bilmir.
Ekoloji xəbərdarlıq
Təsvirin aşağı hissəsindəki yanğınlar, dağıntılar, köç edən insanlar və ekoloji fəlakətləri xatırladan elementlər isə gələcəyin yalnız böyük dövlətlər arasındakı rəqabətdən ibarət olmayacağını göstərir. İqlim dəyişiklikləri, təbii fəlakətlər, ərzaq və su təhlükəsizliyi, miqrasiya və sosial bərabərsizlik kimi problemlər beynəlxalq siyasətin daha mürəkkəb gündəliyini formalaşdıracaq. Xüsusilə su və ərzaq resursları uğrunda rəqabətin güclənməsi bəzi regionlarda mövcud siyasi gərginlikləri daha da dərinləşdirə bilər.
Maraqlı məqamlardan biri də elmi laboratoriyaları, tibbi preparatları və bioloji strukturları xatırladan təsvirlərin kompozisiyada yer almasıdır. Bu, səhiyyə və biotexnologiyanın gələcəkdə daha böyük strateji əhəmiyyət qazanacağını düşündürür. Pandemiyadan sonra dövlətlər bioloji təhlükəsizlik, dərman istehsalı, tibbi texnologiyalar və səhiyyə sistemlərinin dayanıqlılığına daha həssas yanaşmağa başlayıblar. Biotexnologiyanın inkişafı isə bir tərəfdən insan həyatını dəyişdirəcək imkanlar yaradır, digər tərəfdən yeni etik və təhlükəsizlik problemlərini gündəmə gətirir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı