Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə sülh sazişinin imzalanmasının vacibliyini vurğulayıb.
Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan parlamentində hökumət saatı zamanı deputat Tsovinar Vardanyanın sualını cavablandırarkən bildirib.
Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülhü geri dönməz etmək üçün iki ölkə liderləri tərəfindən sülh sazişi imzalanmalıdır.
“Sülh sazişi imzalanmalıdır. Bəs sülh sazişini kim imzalayacaq? Digər imzalayan tərəf Əliyev olacaq”, – deyə Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, münaqişə tərəfləri ilə əlaqəsi olmayan başqa bir dövlət başçısı ilə sənəd imzalamaq Ermənistan və Azərbaycan arasında sülhü təmin edə bilməz.
Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə artıq imzalanmış Vaşinqton Bəyannaməsini xatırladıb və sülhün geri dönməz olması üçün əlavə sənədin imzalanmasının zəruriliyini bildirib.
“Mən sənədi Əliyevlə imzalamalıyam. Biri artıq imzalanıb. Sülhü geri dönməz etmək üçün daha bir sənəd imzalanmalıdır”, – deyə o qeyd edib.
Paşinyan parlament çoxluğuna müraciət edərək, Azərbaycan Prezidenti ilə danışıqlar aparmağın və sənəd imzalamağın ittiham kimi təqdim edilməsinə qarşı çıxıb.
“Əgər buna imkan verməsəniz, sülhə nail olmağın başqa bir yolunu bilmirəm, dostlar”, – Ermənistanın Baş naziri bildirib.
O, danışıqların tərəflərinin münaqişə iştirakçıları olduğunu və sülh prosesinin istiqamətinin məhz onlar tərəfindən müəyyən edilməli olduğunu vurğulayıb.
Tahir Turan