Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif deputat Marianna Qaqramanyana qarşı sərt açıqlama verib. O, deputatın korrupsiya şəbəkəsində iştirakının təsdiqlənəcəyi təqdirdə həbs olunacağını bildirib.
Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə hökumət saatı zamanı deputatın sualını cavablandırarkən danışıb.
“Əgər bu korrupsiya şəbəkəsinin bir hissəsisinizsə, bəli, sizi konkret şəkildə xəbərdar edirəm. Yox, hədələmirəm, əgər həmin şəbəkənin üzvüsünüzsə, çox keçmədən həbsxanaya düşəcəksiniz. Əgər belə deyilsə, siz Ermənistan Respublikasının vətəndaşısınız. Sizi kim hədələyə bilər? Heç kim”, – deyə Paşinyan bildirib.
Parlamentdəki mübahisə zamanı baş nazir Ermənistanın hazırkı Konstitusiyasını da tənqid edib. Onun sözlərinə görə, bu sənəd seçkilərin saxtalaşdırıldığı və dövlət strukturlarında korrupsiyanın mövcud olduğu şəraitdə qəbul edilib.
Paşinyan müxalifəti Ermənistanı münaqişə dalanında saxlamağa çalışmaqda ittiham edib. O bildirib ki, hökumət səkkiz il əvvəl yeni Konstitusiyanın qəbul edilməsi istiqamətində siyasi kurs müəyyənləşdirib və hazırda bu planı həyata keçirir.
Baş nazirin fikrincə, yeni Konstitusiya Ermənistanda davamlı və geri dönməz sülhün təmin olunmasına xidmət etməlidir. O, müxalifəti korrupsiya sxemlərini, o cümlədən ordu ilə bağlı qanunsuz mexanizmləri qorumaq naminə sülh prosesini pozmağa çalışmaqda ittiham edib.
“Artıq sizin məsuliyyət vaxtınız çatıb. Siz bir-bir suveren Ermənistan Respublikasının həbsxana kameralarında öz yerinizi tapacaqsınız”, – deyə Paşinyan vurğulayıb.
Əliyar Xəlil