Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də – Azərbaycanın Zəfər Günü münasibətilə Bakıya səfər etməyi planlaşdırır. Ərdoğan bu barədə Cənubi Koreya səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib. Türkiyə Prezidentinin səfərlə bağlı açıqlaması Azərbaycan-Türkiyə münasibətlərinin son günlər müzakirə olunduğu bir vaxta təsadüf edir. Belə ki, iki ölkə arasında müəyyən fikir ayrılıqlarının olduğu barədə beynəlxalq mediada məlumatlar yayılıb. Ərdoğan isə Azərbaycanla münasibətlərin ortaq tarixə, mədəniyyətə və qardaşlığa əsaslandığını vurğulayaraq, səfər zamanı lazımi addımların atılacağına ümid etdiyini bildirib. Bəs Türkiyə Prezidentinin Zəfər Günü münasibətilə Bakıya gözlənilən səfəri hansı siyasi mesajları özündə ehtiva edir? Bu səfər iki ölkə arasında son vaxtlar yaranmış fikir ayrılıqlarının aradan qaldırılmasına nə dərəcədə təsir göstərə bilər?
Globalinfo.Az xəbər verir ki, mövzu ilə bağlı Tezadlar.az-a açıqlama verən deputat Cavanşir Feyziyev bildirib:
“Ölkələr arasında fikir ayrılığı” ifadəsini doğru hesab etmirəm. Hicabla bağlı nə Türkiyədə, nə də Azərbaycanda yeganə yekdil fikir var. Hər iki ölkədə Azərbaycan Nazirlər Kabinetinin qərarını dəstəkləyənlər də var, tənqid edənlər də var. Odur ki, bu fikir ayrılığı iki ölkə arasında deyil, ölkələrimizin vətəndaş cəmiyyətləri daxilindədir. Bu da çox normal bir mənzərədir”.
Deputatın sözlərinə görə, eyni məsələ haqqında cəmiyyətlər çox nadir hallarda vahid rəy söyləyə bilərlər. Son həftələrdə mediada və sosial şəbəkələrdə yer alan diskussiyaları da müsbət qarşılayıram. Bu hər iki ölkədə fikir plüralizminin və söz azadlığının göstəricisidir. Bundan narahat olmağa əsas yoxdur.
Cavanşir Feyziyev əlavə edib ki, prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər günü ölkəmizə səfər etməsi Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyinin sarsılmaz olduğunu göstərir. Bu, həm öz cəmiyyətlərimizə, həm də Türkiyə-Azərbaycan münasibətlərini zədələməyə çalışan xarici qüvvələrə cavab jestidir. Azərbaycan-Türkiyə münasibətləri sadəcə siyasi rəhbərlər arasındakı şəxsi münasibətlər zəminində qurulmayıb. Bu münasibətləri əsrlər boyu formalaşdıran, cilalayan və sarsılmaz edən ortaq tariximiz və ortaq mədəniyyətimiz var. Bu birliyin yaranması üçün əsrlər boyu çalışmış və onu qorumağı bizə vəsiyyət etmiş ortaq əcdadlarımız var. Bu birliyi bir məmurun açıqlaması və ya bir siyasətçinin məsələyə fərqli yanaşması ilə pozmaq mümkün deyil.
“Odur ki, bu gün Türkiyə ilə Azərbaycan münasibətləri haqqında danışanda Heydər Əliyevin “bir millət-iki dövlət” formulu daha güclü görünür. Heydər Əliyev yanaşmasına əsaslanan 2021-ci ilin Şuşa Bəyannaməsi bizi bütün xarici və daxili təhdidlərə qarşı birləşdirən yol xəritəsidir. Heç bir fikir ayrılığı, heç bir umu-küsü, heç bir ictimai diskussiya bizi bu yoldan sapdıra bilməz”, — deyə deputat sonda vurğulayıb.