İran rəhbərliyi ABŞ-ın ölkənin nüvə obyektlərinə qarşı yeni hərbi əməliyyat keçirə biləcəyi ehtimalı fonunda Nətənz yaxınlığındakı Külüng dağı ərazisində yerləşən yeraltı obyektin müdafiəsini gücləndirməyə çalışır.

Globalinfo.az xəbər verir ki, “The Times” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın Külüng dağına zərbə endirmək barədə əvvəlki təhdidləri Tehranda ciddi narahatlıq yaradıb.

Belə ki, İran tərəfinin mümkün hücuma hazırlıq məqsədilə yeraltı obyektin girişlərini möhkəmləndirdiyi və müdafiə tədbirlərini artırdığı bildirilir.

Söhbət qranit süxurların dərinliyində inşa edilən və İranın nüvə proqramı ilə əlaqələndirilən strateji yeraltı kompleksdən gedir. Kəşfiyyat məlumatlarında burada uranın zənginləşdirilməsi avadanlıqlarının yerləşdirilə biləcəyi ehtimal olunur. Lakin obyektin hazırkı təyinatı və daxilində hansı avadanlıqların olduğu müstəqil şəkildə təsdiqlənməyib. 

Mütəxəssislər hesab edirlər ki, obyektin dərinlikdə və möhkəm qranit qatının altında yerləşməsi onu ABŞ-nin ən güclü adi bunkerdağıdan bombaları üçün belə çətin hədəfə çevirir.

Tahir Turan
Globalinfo.az

Paylaş: