İsraildə müxalifət lideri Qadi Eyzenkotun baş nazir postuna namizədliyi parlamentdə əksəriyyətin dəstəyini qazanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, yeni seçilmiş Knessetin 120 üzvündən 67-si Eyzenkotun namizədliyini dəstəkləyib.
İsrail Prezidenti İshaq Hersoqla aparılan məsləhətləşmələr zamanı müxalifət blokuna daxil olan bütün partiyalar, eləcə də parlamentdəki iki ərəb siyasi qüvvəsi onun namizədliyinin lehinə mövqe nümayiş etdirib.
Hazırkı Baş nazir Benyamin Netanyahu isə 46 deputatın dəstəyini əldə edib. Digər 7 parlamentari namizədlərdən heç birini dəstəkləmədiyini bildirib.
Mövcud prosedura görə, ölkə prezidenti hökumətin qurulmasını namizədlərdən birinə həvalə etməlidir. İlk mərhələdə seçilmiş namizədə kabineti formalaşdırmaq üçün 28 gün vaxt ayrılır. Zərurət yarandıqda bu müddət daha iki həftə uzadıla bilər.
Birinci namizəd hökumət qurmaqda uğursuz olarsa, səlahiyyət digər parlamentariyə verilə bilər. İkinci cəhd də nəticəsiz qalacağı təqdirdə, 90 gün ərzində növbədənkənar parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, oktyabrın 27-də keçirilən parlament seçkilərində Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blok 53 mandat əldə edib. Müxalifət qüvvələri 48, ərəb partiyaları isə ümumilikdə 19 deputat yeri qazanıblar.
İsraildə hökumət koalisiyasının formalaşdırılması üçün ən azı 61 deputatın dəstəyi tələb olunur. Seçkilərin nəticələrinə əsasən, heç bir siyasi blok bu həddi təkbaşına keçə bilməyib.
Safura Bənnayeva
Globalinfo.az