Honq-Konqlu məşhur model Abbi Çoinin 2023-cü ildə qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesində dəhşətli təfərrüatlar üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Ali Məhkəmədə keçirilən dinləmələr zamanı 28 yaşlı modelin öldürüldükdən sonra meyitinin elektrik mişarı ilə doğrandığı, qalıqlarının isə iki şorba qazanında və soyuducuda saxlanıldığı məlum olub.
Məhkəmə prosesinin beşinci həftəsində Çoinin keçmiş qayınatası, 68 yaşlı təqaüddə olan polis əməkdaşı Kvonq Kau meyitin qanunsuz şəkildə gizlədilməsi ittihamını qəbul edib.
Lakin o, qətl ittihamını qəbul etməyib.
“Polis əməkdaşı Çan Vai Hunq məhkəmədə modelin meyitinin tapıldığı Lunq Mei kəndindəki mənzildə aparılan araşdırmalar barədə ifadə verib. O bildirib ki, mənzilə daxil olduqları zaman kəskin otaq ətirləndiricisinin qoxusu hiss olunub, pəncərələr isə tamamilə qara lentlərlə örtülüb. Mənzildə aparılan axtarış zamanı Çoinin ayaqları qonaq otağındakı soyuducuda, iki ayrı zibil torbasının içərisində tapılıb. Araşdırma zamanı qazanlardan birinin içərisində isə modelin başının olduğu müəyyən edilib”.
Prokurorluğun iddiasına görə, Çoi fevralın 21-də keçmiş qaynının idarə etdiyi avtomobilə minib:
“Gənc qadın səkkiz yaşlı qızını məktəbdən götürmək üçün getdiyini düşünüb. Lakin səfər zamanı onun yanında əyləşən keçmiş əri Çoinin başına çəkiclə zərbə endirib. Polis hadisədən üç gün sonra qətlin törədildiyi ehtimal edilən mənzildə təxminən bir kiloqram ağırlığında çəkic aşkarlayıb. İddiaya görə, qətlin arxasında təxminən 72 milyon Honkonq dolları (HKD) dəyərində olan lüks mənzilin satışı ilə bağlı mübahisə dayanır. Çoinin mənzili satmaq istəməsi onun keçmiş qayınatası ilə münasibətlərində gərginliyə səbəb olub. Buna görə də o, iki oğlu ilə birlikdə belə bir plan qurub. Lakin üç təqsirləndirilən şəxs də qətl ittihamlarını qəbul etmir”.
Qətl ittihamı üzrə təqsirli bilinəcəkləri təqdirdə modelin keçmiş əri, qaynatası və qaynı ömürlük həbs cəzası ilə üzləşə bilərlər.
Məhkəmə prosesi davam edir.
Əliyar Xəlil
Globalinfo.az