ABŞ Prezidenti Donad Tramp İranla bağlı mühüm qərar verməyə hazırlaşır. Tramp İranla müharibədə dönüş mərhələsinin yaşanacağını bildirib.
“Mən mühüm qərar qəbul etməliyəm. Onların (İranın – red.) ərazisinə qoşun yeridib onları məhv etmək istəyirəm, yoxsa yox? Bu, çox vacib qərardır. Mənimlə hər şey baş verə bilər”, – deyə Tramp vurğulayıb.
ABŞ və İran arasında şiddətli müharibə başlayır? Tramp hansı qərarı verəcək?
Globalinfo.az-a danışan analitik Elnur Ənvəroğlu deyib ki, Trumpın “mühüm qərar” ifadəsi realdır, amma bu, onun artıq mütləq hücum qərarı verdiyi anlamına gəlmir:
“Çünki Pentaqon əvvəllər də etiraf edib ki, İran ərazisinə quru qoşunlarını yeritmək ciddi risklər meydana gətirə bilər. Düzdür, vəziyyət İranın artıq regionda bilavasitə ənənəvi müharibəyə keçid almasına səbəb olur və bütün hədəflər ölkənin daxilinə yönəlir, amma ABŞ üçün böyük risk yarada bilməsi də istisna edilməməlidir.
Bəzi media resurslarında verilən məlumatlar ABŞ-ın hazırda Yaxın Şərqdə hərbi imkanlarını saxladığını və gələcək əməliyyatlar üçün hazır vəziyyətdə olduğunu göstərir. Amma ABŞ-ın quru qüvvələrinin İran daxilində genişmiqyaslı işğal əməliyyatına hazırlanması barədə bu mənbələrdə belə bir qərar görünmür. Məsələ bundadır ki, ABŞ hökumətinin sentyabrın əvvəlində Konqresə göndərdiyi rəsmi bildirişdə də quru qüvvələrinin İrana hücumlarda iştirak etmədiyi bildirilirdi. Yəni İrana qarşı əməliyyatların hava və digər hərbi vasitələrlə aparıldığı məlumdur.

Elnur Ənvəroğlu
Lakin Trampın bəyanatı təsadüfi deyil, bu da şübhə çəkir. ABŞ lideri gələn həftə BMT Baş Assambleyası çərçivəsində Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Oman liderləri ilə görüşməyi planlaşdırır. Tramp həmin görüşdə onların müharibənin növbəti mərhələsi barədə mövqeyini öyrənmək istədiyini deyib. Məncə, bu, çox vacibdir, çünki İranla müharibənin genişləndirilməsi ilk növbədə Körfəz ölkələrinə təsir edəcək. “Reuters” də hazırda müharibənin enerji marşrutlarına, xüsusilə Hörmüz və Qırmızı dəniz istiqamətlərinə ciddi təzyiq yaratdığını bildirir.
Fikrimcə, Trumpın bu bəyanatının arxasında İrana təzyiq məqsədi dayanır. Əslində, ABŞ prezidenti İranla müharibə aparmaqdan daha çox, onu danışıqlara vadar etmək istəyir”.
Turan Rzayev
Globalinfo.az