Fransa Prezidenti Emmanuel Makron yaxın günlərdə yeni Baş nazir təyin edəcək. Bu addım parlamentin hazırkı hökumətə etimadını itirməsindən sonra atılır.
Globalinfo.az xəbər verir ki, bu barədə Yelisey sarayından rəsmi açıqlama yayılıb.
Açıqlamada bildirilib:
“Prezident deputatların səsverməsinin nəticələrini nəzərə alır. Sabah o, Baş nazir Fransua Bayru ilə görüşəcək və onun hökumətinin istefasını qəbul edəcək. Prezident yaxın günlərdə yeni Baş naziri təyin edəcək”.
Xatırladaq ki, Milli Assambleyanın əksəriyyətini təşkil edən deputatlar Bayrunun çıxışından sonra hökumətə etimad göstərilməsinə qarşı səs veriblər. Nazirlər Kabinetinin istefasına 364 deputat səs verib. Etimadsızlıq səsverməsi üçün 577 deputatdan azı 288-nin dəstəyi tələb olunur
Məlumata görə, Bayru sabah istefa ərizəsini prezidentə təqdim edəcək və yaxın saatlarda Matinyon Sarayında kabinet üzvləri ilə iclas keçirəcək.
Baş nazir iclas zamanı ölkədəki iqtisadi böhranı və dövlət borcunun sürətlə artmasını qeyd edib. O, iyul ayında təqdim etdiyi dövlət xərclərini məhdudlaşdırma planını müdafiə edib: plana görə, 2026-cı ildə təxminən 44 milyard avro qənaət nəzərdə tutulub. Plan həmçinin pensiyaların və digər sosial ödənişlərin artırılmamasını nəzərdə tuturdu.
Müxalifət isə Bayrunu tənqid edərək ardıcıl hökumətlərin və Prezident Makronun siyasətinin indiki vəziyyətə səbəb olduğunu bildirib. Sosialist Partiyası və “Milli Birlik” təmsilçiləri yeni hökumətin formalaşdırılmasına hazır olduqlarını açıqlayıb, “Boyun Əyməyən Fransa” deputatları isə prezidentin istefasını tələb edərək 9 sentyabrda müvafiq proseduru parlamentdə başladacaqlarını bildiriblər.
Aysel Əliyeva
Globalinfo.az