pasinyan komanda 111 900x496 2

Sentyabrın 26-sı Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun Naxçıvanın Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutub. Ermənistan Baş naziri Nikol Paşinyan bir tərəfdən sülh mesajı verir bir tərəfdən də belə addımlar atılır.

Son vaxtlar tez-tez Naxçıvanın hədəf seçilməsinin səbəbi nədir?

Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutması ilk deyil:

“Artıq tez-tez bu kimi halların şahidi oluruq. Bu təxribtatların dünən ABŞ-da keçirilən görüşlə əlaqəsinin olduğunu düşünürəm. Bəzi dövlətlərə, xüsusən də şimal qonşumuza Azərbaycan-Ermənistan yaxınlaşması sərf etmir. Digər tərəfdən mühüm görüşlər öncəsi bu qəbildən addımların atılması ilk deyil. Ermənistan sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları qoruyur. Onlar daima ermənilərlə əlbir olub təxribatlar həyata keçirirlər. Nyu Yorkda baş tutan xarici işlər nazirlərinin görüşündə müəyyən razılıqlar əldə olunub. Bu razılıqların sənəd üzərində öz əksini tapmasını ümid edirik”.

Hərbi ekspertin sözlərinə görə, Rusiya özünün iştirakı olmadan belə razılıqların əldə olunmasında maraqlı deyil:

uzeyir ceferov

Üzeyir Cəfərov

“Ermənistan ərazisində olan Rusiya maraqlarına xidmət edən qüvvələr, “Beşinci kolon” aşkar edilib cəzalandırılmalıdır. Bir-iki nəfər sərt formada cəzalandırılarsa, Ermənistanda təxribatlara meyil edənlərin də sayı günü-gündən azalacaq. Yaxın günlərdə Qarabağ, Kəlbəcər, Laçın istiqamətində sərhədlərimizin atəşə tutulmasının şahidi olacağıq. Bunlar məqsədyönlü şəkildə həyata keçirilir. Atəşkəsin pozulmasının isə hər hansı nəticəyə nail olacaqlarını düşünmürəm. Ermənistanın hazırda Azərbaycana qarşı müqavimət göstərmək imkanı da yoxdur. Onu bu addımı atmağa sövq edən qüvvələr var”.

Üzeyir Cəfərov qeyd edib ki, Nikol Paşinyanın BMT tribunasından sülh istiqamətində səsləndiridyi fikirlər qeyri-səmimidir:

“Bu, daxili auditoriyaya hesablanmış fikirlərdir. Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Digər tərəfdən, o, konstitusiya dəyişikliyi lazım olduğu halda buna gedəcəklərini də bildirdi. Amma belə açıqlamarın heç bir əsası yoxdur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: