Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahının yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələri avqustun 26-da Rusiyanın hava hücumunu dəf etmək üçün F-16 qırıcılarından istifadə edib. Növbəti hədəfə yaxınlaşma zamanı təyyarələrdən biri ilə əlaqə kəsilib. Məlum olub ki, təyyarə qəzaya uğrayıb və pilot həlak olub.
Bu, Qərbin Ukraynaya silah verməsinə və müharibənin gedişinə necə təsir edəcək? F-16-ları vurmaq bu qədərmi asandır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, F-16-ların Ukraynaya verilməsi kifayət qədər böyük hadisə idi:
“Ukrayna F-16-ları israrla tələb edirdi. Bu silahlar verildikdən sonra elə Kurska daxil oldu. Hələ də proses davam edir.
İlyas Hüseynov
F-16-nın qəzaya uğraması ciddi hadisədir. Ukrayna tərəfi Rusiyadan atılan raketlərlə qəzanın baş vermədiyini bildirib. Bunu yalnız pilotun səriştəsiz hərəkətindən qaynaqlandığı deyilib. Ukrayna qüvvələri vaxtilə F-16-lardan istifadə üçün təlimlər keçdiyi halda bu arqumentin irəli sürülməsi inandırıcı deyil. Əgər həqiqətən təlimlərə baxmayaraq pilotlar bu qırıcılardan istifadə edə bilmirsə, əllərində olan digər F-16-lar da məhv olacaq”.
Politoloq sözügedən hadisənin Rusiyaya müsbət təsir etdiyini bildirib:
“Sanki F-16-ların məğlubedilməzliyi haqqında mif darmadağın olundu. Hadisənin başvermə səbəbi nə olursa olsun, Rusiya ictimaiyyətinə motivasiya verəcək”.
Safura Bənnayeva
Globalinfo.az














