Polish 20240330 183933700

Milli Məclisin martın 29-da keçirilən plenar iclasında millət vəkili Razi Nurullayev təklif edib ki, Azərbaycanda qadınlar üçün pensiya yaşı azaldılaraq 60, kişilər üçün isə 62 olaraq müəyyən edilsin.

Bundan başqa, deputat pensiya yaşına az müddət qaldığı zaman vəfat edən şəxslərə dəfn pulunun verilməsini təklif edib. Deyib ki, pensiya yaşının tamam olmasına 5 il qalmış şəxslərə dəfn pulu verilsin.

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov deyib ki, deputatlar populist çıxışlarla deyil, iqtisadiyyata təkan verə biləcək real təşəbbüslərlə çıxış etməlidirlər.

İqtisadçı deyib ki, hər kəs çıxışı zamanı istədiyi təklifi irəli sürə bilər:

“Hamı çıxış edib deyə bilər ki, “pensiya yaşı azaldılsın”, “pensiyalar 3-4, hətta 5 dəfə artırılsın”. Amma bütün bu təşəbbüslərin arxasında elmi cəhətdən əsaslandırılmış iqtisadi resurslar bazası olmalıdır. Mənə elə gəlir ki, deputatlar ölkədə işgüzar mühitin gücləndirilməsinə, investisiyaların həcminin kəskin şəkildə artırılmasına, yeni iş yerlərinin açılmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliyinin yüksəldilməsinə dəstək verə biləcək addımlarla bağlı təşəbbüslər irəli sürməlidirlər”.

Elşad Məmmədovun fikrincə, yüksək əlavə dəyər tutumlu iqtisadi sistem yaransa, 60-65 yaşında olan vətəndaşlarımız pensiyaya çıxmaq deyil, daha yüksək əməkhaqqı olan işlərdə işləməyə üstünlük verərlər:

“Əgər 60-65 yaşlı şəxslərin sağlamlığı imkan verərsə, onlar beləcə öz pensiya kapitalını da artırmış olarlar, ölkə üzrə pensiya təminatı da gücləndirilər. Sözsüz ki, əhalinin sağlamlığının təmin edilməsi ilə bağlı müsbət trendlər formalaşar ki, o trendlər də ölkədə orta ömür müddətinin uzaldılmasına nail olar. Ona görə də, parlament üzvləri bu tip məsələləri prioritet kimi götürməlidirlər. Populist çıxışlarla gündəmdə qalmaq cəhdləri nə iqtisadiyyatımıza fayda verər, nə də ölkəmizin sosial mühitinə müsbət təsir göstərər”.

P.S. Redaksiya Razi Nurullayevin cavab haqqını tanıdığını bildirir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: