Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arzu Ağacı” aksiyasının iştirakçılarının Yeni il arzularını yerinə yetirəcəyini vəd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vesti” Teleqram kanalı məlumat yayıb.
Lavrov “Arzu Ağacı” xeyriyyə aksiyası çərçivəsində beş uşağın Yeni il arzularını yerinə yetirəcəyinə söz verib:
“Hamıya kömək edəcəyik, hər şeyi təşkil edəcəyik”.
13 yaşlı Yevangelina Sergey Lavrovla şəxsən görüşmək istədiyini deyib. Lavrov görüşün mütləq baş tutacağını bildirib.
16 yaşlı Vladislav Rusiya tarixinə həsr olunmuş proqramda iştirak etməyi arzulayıb. Nazir bu istəklə bağlı kömək göstərəcəyini vurğulayıb.
6 yaşlı Aleksandr məktəb çantası istəyib. Lavrov bunun “ümumiyyətlə problem olmadığını” deyib.
8 yaşlı Andrey qlobus arzulayıb. Nazir bu arzunun da yerinə yetiriləcəyini, lakin qlobusda “son sərhədlərin də əks olunmasını gözləmək lazım gəldiyini” qeyd edib.
17 yaşlı Polina isə Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski ilə görüşmək istədiyini bildirib. Sergey Lavrov bu görüşün təşkil olunması üçün də kömək ediləcəyini deyib.
Nazir sonda vurğulayıb ki, aksiyanın bütün iştirakçılarına dəstək göstəriləcək və arzuların reallaşması üçün lazımi addımlar atılacaq.
Safura Bənnayeva
Globalinfo.az