“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun ölümü ölkədə ciddi müzakirələrə səbəb oldu. Onun vəzifə müddətindəki fəaliyyəti və səs-küylü açıqlamaları yenidən gündəmə gəldi.
T.Əhmədov metropoliten rəhbərləri arasında mətbuatda və ictimaiyyətdə adı qalmaqallarda ən çox hallanan rəislərdən hesab olunur. Maraqlıdır ki, əvvəlki metropoliten rəislərinin adları onun qədər xatırlanmır.
Globalinfo.az yarandığı gündən bu zamana kimi Bakı metrosuna rəhbərlik etmiş şəxslər haqqında məlumatları təqdim edir:
Türk ölkələri arasında ilk qurulan metropoliten sistemi hesab olunan Bakı metrosu 1967-ci ildə istifadəyə verilib. 1966-cı ildə metropolitenin buraxılışına bir il qalmış Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Lütfəli Cahangir oğlu Nuriyev rəsi vəzifəsinə təyin olunub.
L.Nuriyev 1916-cı ildə Gəncə şəhərində Qarabağ bəylərindən olan Cahangir Xan Nurubəyovun ailəsində dünyaya gəlib. Əmək fəaliyyətinə Taqanroq stansiyası rəisinin müavini kimi başlayıb. Sonralar “Biləcəri” stansiyasının rəis müavini, Azərbaycan dəmiryolunun operativ dispetçer bölməsində böyük dispetçer, Azərbaycan Dəmir yolunda hərəkət xidmətinin rəisi, 1963–1966-cı illərdə Zaqafqaziya Dəmiryol İdarəsi rəisinin müavini vəzifələrində çalışıb. O, metropolitenin rəisi vəzifəsini 1976-cı ilin may ayına kimi icra edib. L.Nuruyev 1984-cü ildə vəfat edib.
Lütfəli Nuriyev
1976-cı ildə Fikrət İbrahim oğlu Kəngərli bu vəzifəyə təyin olunub. O, 1929-cu ildə Naxçıvan şəhərində anadan olub. Mühəndis-mexanik idi. 1952-ci ildə Azərbaycan Dəmiryolunda əmək fəaliyyətinə başlamış, Qazanxana sexinin briqadiri, qaldırma təmir sexinin mühəndisi, Bakı paravoz deposunun Qazanxana sexində usta, paravoz deposunun baş mühəndisi, Bakı hissəsinin baş mühəndisi vəzifələrində işləmişdi. 1979-cü ildə metropolitenin rəisi vəzifəsindən azad edilərək Azərbaycan Dəmiryolunun rəisi təyin olunub. Burada 1983-cü ilə kimi çalışıb, 1992-ci ildə vəfat edib.
1979-cü ildə İqor Abbasoviç Xankişiyev Bakı metropoliteninin rəisi vəzifəsinə gətirilib. O, 1939-cü ildə Bakıda anadan olub. 1976-cı ildə metropolitendə baş mühəndis kimi fəaliyyətə başlayıb. 1987-ci ildən metro tikintisi sahəsinə keçərək “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin baş energetiki, aparıcı mühəndisi, sədr müavini vəzifələrində əmək fəaliyyətini davam etdirib. 2014-cü ildə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edildikdən sonra İqor Abbasoviç Xankişiyev 2017-ci il dekabr ayının 31-dək müəssisənin Tikinti Departamentinin rəisi vəzifəsində çalışıb. O, 2021-ci ildə Bakıda vəfat edib.
İqor Xankişiyev
1987-ci ildə Vahid Məmmədrza oğlu Nadirli bu vəzifəyə təyin edilib. Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlayıb. Burada Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə “Biləcəri” stansiyasının rəisi vəzifəsində çalışıb. 10 noyabr 1993-cü ildən Azərbaycan Dəmiryolu idarəsinin rəhbəri olmuşdur. O, 2017-ci ildə Bakıda vəfat edib.
Vahid Nadirli
1993-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı metropoliteninin rəisi vəzifəsinə Cəfər İsa oğlu Yusifov təyin edilib. 1945-ci il oktyabrın 13-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Bakı metropolitenində 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb. Metropolitendəki əmək fəaliyyəti dövründə tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi vəzifəsinə yüksəlib. C.Yusifov 1997-ci ilə kimi metropolitenin rəhbəri vəzifəsini icra edib.
Cəfər Yusifov
1998-ci ildə bu vəzifə Tağı Məhəmməd oğlu Əhmədova həvalə olunub. O, 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda dünyaya gəlib. T.Əhmədov 1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970–1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994–1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləyib. 2014-cü ildə Bakı metropoliteninin rəisi vəzifəsindən azad edilib. 2022-ci ilə kimi Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub. O, 18 oktyabr 2024-cü ildə 75 yaşında vəfat edib.
Tağı Əhmədov
Son olaraq 2014-cü ildə bu vəzifəyə Zaur Mir Tofiq oğlu Hüseynov təyin edilib. O, 1964-cü ildə Bakıda dünyaya gəlib. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarının St. John’s Universitetini “Executive management” ixtisası üzrə (MBA) təhsil alıb.
Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan Z. Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsal və enerji təchizatı müəəsisələrində məsul vəzifələrdə çalışıb.
Zaur Hüseynov
Əliyar Xəlil
Globalinfo.az