bakil ela 11

Rusiya-Ermənistan gərginliyi fonunda regionda yeni eskalasiya riskinin olub-olmaması sual doğurur. Digər tərəfdən, yayılan məlumatlara görə, Qərbin Azərbaycandakı “5-ci kolon”u “Rusiyanın rəsmi Bakını Ermənistanla müharibəyə təhrik etməsi” tezisini müzakirəyə çıxarıb. Əsas vurğu da Zəngəzurun üzərinə yönləndirilir. Belə ki, Rusiyanın Azərbaycanın Zəngəzura hərbi müdaxilə etməsində maraqlı olduğu iddia edilib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, bu qəbildən iddialar Fransa və “kollektiv Qərb” adlandırdığımız geosiyasi qütbün bəzi aktorlarının “Azərbaycan müharibəyə hazırlaşır” və “Ermənistanın müdafiəyə ehtiyacı var” tezisləri müstəvisində ölkəmizə qarşı aparılan təbliğat-təxribat kampaniyasının tərkib hissəsidir:

“Bu kampaniyanın təməlində də Ermənistanın əsas oyunçu Fransa olmaqla Qərbin Qərbi və Mərkəzi Asiyada real təsir imkanları əldə etməsi üçün avanposta çevrilməsi niyyəti dayanır. Yəni Ermənistan Rusiyanın forpostu statusundan qoparılaraq Qərbin avanpostu statusuna yiyələnir, “Orta dəhliz”,  Şimal-Cənub nəqliyyat dəhlizinin regional marşrutları nəzarətə götürülür, uzaq perspektivdə Rusiya ətrafında həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya istiqamətindən çəmbər daraldılır, Çinə qarşı isə bufer zonası yaradılır. Bəlli olduğu kimi, hazırda Mərkəzi Asiyada Çinin nəhəng yatırımları var və bu yatırımlar getdikcə artır. Bu isə sözügedən əraziyə iqtisadi baxımdan və digər “yumşaq güc” elementləri üzərindən təsir imkanlarını azaldır. Hazırda Cənubi Qafqaz Qərb üçün Avrasiyaya nəzarət baxımından, geosiyasi aspektdən dəyərləndirsək, “Rimlənd”in əsas həlqəsidir və “Hartlənd”ə – “Qızıl alma”ya aparan yol buradan keçir”.

Politoloqun fikrincə, Ermənistan hər hansı təxribat törədərsə, yaxud Azərbaycan ərazilərini geri qaytarmaqdan imtina edərsə, rəsmi İrəvanın sülhə məcbur edilməsi qaçılmaz olacaq:

“Çünki hazırda söhbət Ermənistan tərəfindən Alma-Atı bəyannaməsi ilə Azərbaycan ərazisi kimi tanınan torpaqlardan gedir. İrəvanın təxribatlarına qarşılıq veriləcəksə, bu həm də 10 noyabr bəyanatın icrası anlamına gələcək. “5-ci kolon”un dilə gətirdiyi faktorların təməlində iki nüans dayanır:

  1. Ermənistanın silahlandırılması və təxribata hazırlanması ilə bağlı məsələlərdən diqqətin yayındırılması;
  2. Hazırda işğal altında olan 8 kəndimizin geri qaytarılması istiqamətində addımların qarşısının alınması.

Qərb dairələri məqsədyönlü şəkildə bu tezisi Azərbaycanın daxilində “5-ci kolon” vasitəsilə ölkənin ictimai rəyinə sırımağa cəhd göstərirlər. Oxşar meyillər bundan öncə də müşahidə edilib. Bir tərəfdən təzyiq metodları və Ermənistanın Avropa sülh fondundan silahlandırılması, digər tərəfdən İrəvan ərazisində olan Avropa İttifaqı missiyasının tərkibinin genişləndirilməsi istiqamətində addımlar atılır. Bu da öz növbəsində ölkəmizə qarşı müxtəlif bəhanələrin formalaşdırılmasına səbəb olur. Daha bir variant isə üçüncü xətt vasitəsilə artıq “5-ci kolonun” işə salınmasıdır. Tanış metodologiyadır. Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını tam bərpa etməsi prosesində baş verən hadisələrdə də oxşar yanaşmanı müşahidə etmişdik. Proses davam etdir, ardıcıl xarakter daşıyır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: