6a03367faa4c76a03367faa4c817785954556a03367faa4c56a03367faa4c6 1

Bakının mərkəzində, yeni metronun qarşısında özbaşınalığın mənzərəsi görənləri dəhşətə gətirir. Sakinlərin hüquqları kiminsə cinayət əməlinə görə tapdanır. Görünən mənzərə Bakının mərkəzində “kim güclüdürsə, o da haqlıdır” prinsipinin işlədiyi görüntüsü yaranıb.

Globalinfo.az xəbər verir ki, söhbət Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi 108 ünvanında, yeni metro stansiyasının qarşısındakı hündürmərtəbəli binanın sakinlərinin üzləşdiyi vəziyyətdən gedir. Sakinlər Modern.az-a müraciət edib, baş verənlərlə bağlı fotoşəkillər təqdim ediblər.

Fotolardan və sakinlərin bildirdiklərindən belə görünür ki, binanın qarşısında əlavə qurğu və dəmir konstruksiya quraşdırılıb. Məsələnin ən diqqətçəkən tərəfi həmin konstruksiyanın sakinlərdən birinin metroya baxan pəncərəsinin qarşısını bağlamasıdır.Yəni bir vətəndaş öz mənzilində pəncərədən normal istifadə etmək imkanından məhrum edilir. Bununla da məsələ bitmir. Sakinlərin sözlərinə görə, binaya verilən qazı paylayan qurğu da əvvəlki yerindən çıxarılaraq qonşunun girişinin pilləkən hissəsinə yerləşdirilib. Bir sakinin pəncərəsi bağlanır. Digər sakinlərin gediş-gəlişinə maneə yaranır. Ümumi istifadə sahəsinə müdaxilə edilir. Və bütün bunların fonunda ən sadə sual cavabsız qalır, bunu kim edib və hansı əsasla edib? Bütün bunlara kim icazə verib? Əgər icazə verilməyibsə, günün günorta çağı Bakının mərkəzində, insanların yaşadığı çoxmərtəbəli binanın qarşısında belə bir qurğunun quraşdırılmasına hansı dövlət qurumu və necə göz yumub? Çünki burada söhbət sadəcə dəmir konstruksiyadan getmir. Burada söhbət vətəndaşın mülkiyyət və istifadə hüququna, yaşayış şəraitinə, ümumi istifadədə olan ərazilərdən istifadə imkanına və təhlükəsiz hərəkət hüququna mümkün müdaxilədən gedir. Sakinlərin əsas narazılığı da məhz budur.

Onlar bu işi həyata keçirən şəxslərdən ciddi şəkildə narazıdırlar. Amma məsələni daha böyük problemə çevirən həmin özbaşınalığın qarşısını almalı olan qurumların susmasıdır. Çünki hüquqi dövlətdə vətəndaşın hüququnun müdafiəsi onun “güclü tanışı”nın olub-olmamasından asılı olmamalıdır.Azərbaycanda dövlət siyasəti insanlara xidmətdən, onların hüquqlarını qorumaqdan keçir. Hansısa yerli məmur bu siyasəti zədələyirsə, dolayısı ilə dövlətə qarşı çıxmış olur. Qanun kiminsə dəmir konstruksiya quraşdırmaq imkanı varsa, bu, ona başqasının pəncərəsini bağlamaq hüququ vermir. Kiminsə müəyyən qurğu yerləşdirmək imkanı varsa, bu, digər sakinlərin giriş-çıxışını çətinləşdirmək səlahiyyəti demək deyil. Şəxsi maraq ümumi istifadədə olan sahənin və başqa vətəndaşın hüququnun üstünə çıxa bilməz.

Ən maraqlı məqam budur ki, hadisə ucqar ərazidə, gözdən uzaq bir yerdə baş verməyib. Söhbət Bakının mərkəzindən, yeni metrostansiyasının qarşısından gedir. Belə bir ərazidə əlavə konstruksiyanın quraşdırılması, ümumi sahəyə müdaxilə və qaz qurğusunun yerinin dəyişdirilməsi kimi məsələlərin aidiyyəti qurumların diqqətindən kənarda qalması ciddi suallar yaradır. Əgər bütün bunlar qanuni əsaslarla həyata keçirilibsə, aidiyyəti qurumlar bunu sənədlərlə açıqlamalıdır. Əgər qanunsuz aparılıbsa, onda daha sadə sual meydana çıxır. Niyə indiyədək müdaxilə edilməyib? Dövlət qurumunun əsas vəzifəsi yalnız vətəndaş müraciət etdikdən sonra reaksiya vermək olmamalıdır. Dövlət nəzarəti həm də özbaşınalığın baş verməsinə imkan verməməkdir. Əks halda vətəndaş əvvəlcə hüququnun pozulmasını gözləyir, sonra aylarla qapı-qapı düşür, ərizə yazır, cavab gözləyir. Sonda hüququ pozulan adam özünü müdafiə etmək üçün yenə özü mübarizə aparmalı olur.

Sakinlərin Modern.az-a bildiriblər ki, bu vəziyyətlə bağlı Allaha şikayət etməyi düşünürlər. Çünki yerdə onları dinləyən yoxdur.

1 5

2 2 3 4

Paylaş: