Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıq məsələsi yenidən gündəmə gəlib. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Moskva bu ölkədə yerləşən 102-ci hərbi bazasını çıxarmaq qərarına gələrsə, İrəvan buna qarşı çıxmayacaq. Eyni zamanda, Rusiyanın bazanın fəaliyyətinin davam etdirilməsini istəyəcəyi halda, Ermənistanın məsələnin müzakirəsinə hazır olduğu bildirilib.
Rusiya Prezidenti Vladimir Putin də daha əvvəl Ermənistanın hərbi bazaya ehtiyac duymayacağı təqdirdə, rus hərbçilərinin ölkədən çıxarıla biləcəyini açıqlayıb.
Hazırkı durumda Rusiya 102-ci hərbi bazasını Ermənistandan çıxara bilərmi? Rus hərbçilərinin Ermənistanda qalmasına nə dərəcədə ehtiyac var?
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, hazırda həmin baza öz siyasi-hərbi əhəmiyyətini böyük ölçüdə itirib:
“Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın dövründə Ermənistan hakimiyyəti bu bazanın ölkə üçün müstəsna əhəmiyyət daşıdığını bildirir, işğal siyasətini davam etdirmək baxımından onun İrəvan üçün böyük əhəmiyyətə malik olduğunu dəfələrlə bəyan edirdi. Lakin indiki vəziyyət göstərir ki, 102-ci hərbi baza Ermənistanı üzləşdiyi problemlərdən və təhlükələrdən xilas edə bilmədi. Əslində, 102-ci baza Rusiyanın cənub qanadının mühüm elementlərindən biridir. Bu baza yaradılarkən onun əsas məqsədlərindən biri NATO ilə Rusiya arasında mümkün hərbi qarşıdurma şəraitində istifadə olunması idi. İndi isə Rusiyanın NATO ölkələri ilə Ukrayna müharibəsi fonunda qarşıdurması davam edir. Digər tərəfdən, Türkiyə və Azərbaycan Ermənistanı sülh sazişinə kifayət qədər yaxınlaşdırıblar. Buna görə də hesab edirəm ki, Ermənistanın öz ərazisində bu hərbi bazanın saxlanılmasında marağı getdikcə azalmalıdır”.

Ədalət Verdiyev
Ekspert bildirib ki, artıq Ermənistanın paytaxtında yerləşən hava limanında xidmət aparan rusiyalı hərbçilər də çıxarılıb:
“Eyni zamanda, Naxçıvan-Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslər davam edir və həmin ərazidə xidmət aparan Rusiya sərhədçilərinin də gələcəkdə oradan çıxarılması gündəmə gələ bilər.
Türkiyə ilə kommunikasiyaların Ermənistan ərazisindən, o cümlədən Zəngəzur istiqamətindən və digər sərhəd keçid məntəqələrindən açılması baş verdikcə, həmin ərazilərdə Rusiya hərbi və sərhəd qüvvələrinin mövcudluğuna ehtiyac da azalacaq. Nəticə etibarilə, Rusiyanın hərbi bazasının Ermənistan ərazisindən çıxarılması məsələsi də gündəmə gələcək”.
Ə.Verdiyev qeyd edib ki, bazanın Ermənistan ərazisindən çıxarılması zaman məsələsidir:
“Bu proses yaxın aylarda baş verməyəcək. Amma qarşıdakı bir neçə il ərzində, böyük ehtimalla, Ermənistanda Rusiya hərbçilərinin mövcudluğu əhəmiyyətli dərəcədə azalacaq və nəticə etibarilə tamamilə sona çata bilər. Beləliklə, Rusiyanın NATO-ya qarşı cənub istiqamətindəki hərbi-siyasi mövcudluğunun Qafqazdakı əsas dayaqlarından biri də aradan qalxa bilər”.
Ləman İmran
Globalinfo.az