İran ordusu Küveytdəki ABŞ bazalarına raket və dronlar vasitəsilə zərbələr endirib. Hücum nəticəsində yanğının meydana gəldiyi bildirilsə də, Küveyt hadisə ilə bağlı rəsmi məlumat yaymayıb.
Bununla belə, İran və ABŞ arasında hərbi toquşmalar yenidən başlaması diqqət çəkir. Öncə ABŞ İran daxilində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib. İran ordusu isə cavab olaraq ABŞ-ın İordaniyadakı hərbi obyektini hədəf alıb. Vaşinqton buna cavab olaraq isə Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə zərbələr endirib.
ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkəsində yazıb ki, zərbələr güclüdür və İranın hazırda mina olmayan boğaza dəniz minaları yerləşdirmək cəhdinə, İordaniyadakı ABŞ bazasına səkkiz raket atmasına cavab olaraq endirilib.
Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İranla ABŞ arasında hərbi qarşıdurmanın yenidən alovlanması Yaxın Şərqdə onsuz da mürəkkəb olan təhlükəsizlik vəziyyətini daha da gərginləşdirir:
“ABŞ-ın İrandakı hərbi-dəniz obyektlərinə zərbələrindən sonra Tehranın İordaniya və Küveytdəki Amerika bazalarını raket və dronlarla hədəfə alması göstərir ki, qarşıdurma artıq iki ölkənin ərazisi ilə məhdudlaşmır.
Hazırkı eskalasiyanın əsas strateji nöqtəsi Hörmüz boğazıdır. İranın boğazı minalamaq imkanları ABŞ üçün ciddi təhlükə hesab olunur. Vaşinqton boğazın bağlanmasının qarşısını almağa çalışır, Tehran isə Hörmüzü ABŞ-a qarşı əsas təzyiq vasitələrindən biri kimi görür.

Vüqar Zifəroğlu
Küveytə hücum xüsusilə narahatedicidir. Bu, Körfəz ölkələrinin ABŞ–İran qarşıdurmasına istəmədən cəlb olunması riskini artırır. Əgər İranın hücumları genişlənərsə, ABŞ-ın cavab zərbələrinin miqyası da arta və beləliklə, “zərbə–cavab zərbəsi” spiralı regional müharibəyə çevrilə bilər.
Hazırda tərəflərin tammiqyaslı müharibədən çox, qarşı tərəfin hərbi imkanlarını zəiflətmək və çəkindirmə üstünlüyü qazanmaq cəhdlərini görünür. Lakin vəziyyət son dərəcə həssasdır. Xüsusilə Hörmüz boğazında gəmiçiliyin ciddi şəkildə pozulması qlobal enerji bazarına və dünya iqtisadiyyatına böyük zərbə vura bilər.
Əsas məsələ bundan sonra tərəflərin yeni zərbələr endirib-etdirməyəcəyidir. Əgər eskalasiya dayandırılmasa, İran–ABŞ qarşıdurmasının regional müharibəyə çevrilməsi riski ciddi şəkildə artacaq”.
Turan Rzayev
Globalinfo.az