cevik 91

Xəbər verdiyimiz kimi, “Çevik” adı ilə tanınan tiktoker, qazi Məqsəd Bağırova hücum olub. Şahidlərin sözlərinə görə, o, əvvəlcə söhbət etmək məqsədilə evinin yaxınlığındakı kafeyə çağırılıb, sonra isə döyülüb. İddia edilir, buna səbəb tiktokerin sosial şəbəkədə dinə qarşı çıxışları olub.

Bəs islam dininin belə hallara və şəxslərə münasibəti necədir?

Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır:

“Belə olduğu təqdirdə hər hansısa bir qanun pozuntusu və ya törədilən cinayətin hökmü fərdlər tərəfindən deyil, yaşadığımız ölkənin qanunlarına uyğun olaraq hüquqi müstəvidə həll edilməsi daha məqsədə və qanunvericiliyə uyğundur. Təbiidir ki, biz islam ölkəsi olmasaq da əhalimizin 95 faizdən çoxu müsəlmandır. Tarix boyu bu torpaqlarda əcdadımız necə heç bir dini, milli və irqi ayrı seçkiliyə yol vermədikləri kimi onların törəmələri də qəti şəkildə buna yol verməməlidirlər. Əgər əhalisinin böyük əksəriyyəti müsəlman olan xalq digər dinlərə hörmətlə yanaşırsa, onlar da eyni qarşılığı göstərmək məcburiyyətindədirlər”.

rufet qarayev ilahiyyatci

Rüfət Qarayev

İlahiyyatçı Quranda bu məsələyə necə yanaşılmasından da danışıb:

“Allah Kitabda nazil edib ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, onlar başqa bir söhbətə keçənədək onlarla bir yerdə oturmayın. Yoxsa siz də onlar kimi olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmdə bir yerə toplayacaqdır. — (Nisa surəsi, 4:140) Qurani-Kərimdə bu ayə mövcuddur. Amma konkret bir şey demək olmur. Çünki islam qanunlarına əsasən fərqli-fərqli hökmlər mövcuddur. O da şəraitə və zamana görə müəyyən edilir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: