Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları yenidən başlayıb. Aksiya iştirakçıları Ermənistandan İrana gedən yolu bağlayıblar. Diqqətçəkən digər məqam isə iştirakçıların sayının çoxluğudur.
Hazırkı aksiyaların genişmiqyaslı olmasının bir səbəbi də B.Qalstanyanın bir müddət öncə Tavuşa qayıtmasıdır. Belə ki, o burada müxalifət nümayəndələri ilə bir araya gəlib danışıqlar aparmış, növbəti aksiyalarda onların da dəstəyini almışdı. Yəni hazırkı aksiyalarda “Vətən naminə Tavuş” hərəkatı deyil, həm də digər müxalif partiya tərəfdarları iştirak edir.
Aydın məsələdir ki, Ermənistandakı aksiyaların motivi dəyişib. Yəni keşiş Qalstanyanı nə Qazaxın 4 qeyri-anklav kəndinin Azərbaycana verilməsi, nə də Ermənistandakı sosial-iqtisadi problemlər narahat edir.
Birincisi, kilsə proseslərə açıq şəkildə dəstək verir və bu, aksiyaların miqyasını artırır. B.Qalstanyanın dini fiqur olması ətrafında inanclı şəxslərin toplanmasına gətirib çıxarır. Bu, aksiyaların müəyyən mənada dini motiv aldığını deməyə əsas verir.
İkincisi, Qalstanyan həm də xaricdən dəstək alır. Xüsusilə proseslərin pərdəarxasında Rusiyanın olması versiyası daha inandırıcıdır. Çünki B.Qalstanyanın Tavuş səfərində görüşdüyü müxalifət nümayəndələri də məhz Rusiyaya bağlı şəxslərdir. Kreml indiki məqamda qərbmeyilli Paşinyanın yerində Qalstanyanı görmək istəyə bilər.
Üçüncüsü, Qalstanyan Rusiyanın, kilsənin və xalqın dəstəyinin fərqindədir. Buna görə də artıq Ermənistan baş nazirliyinə iddiası olduğunu gizlətmir. Hətta baş nazir kimi xarici ölkə nümayəndələri ilə görüşür, bəyanatlar verir.
Ermənsitanda hazırkı proseslər 2018-ci il hadisələrini xatırladır. Həmin vaxt heç kəs Nikol Paşinyanın hakimiyyəti ələ ala biləcəyini düşünmürdü. Bu mənada B.Qalstanyanın Paşinyanı devirib, hakimiyyətə gəlməsi riskləri var.
Qalstanyanın günü-gündən güclənməsi, Paşinyan hakimiyyətinə alternativ olması rəsmi Bakının maraqlarına uyğun deyil. Məsələ ondadır ki, Paşinyan bölgədəki reallıqları anlayır və sülhdə maraqlı olduğunu əyani şəkildə göstərir. Paşinyanın bu düşüncəyə gəlməsi üçün bir genişmiqyaslı müharibə, bir neçə lokal əməliyyat baş verdi. Nikol Paşinyanın devrilməsi sərhəd razılaşmalarının və sülh danışıqlarının taleyini qeyri-müəyyən edə bilər. Ən əsası isə yarımçıq danışıqlar Bakının maraqlarına uyğun olmadığı üçün regionda yeni gərginliyin yaranması mümkündür.
İndiki məqamda Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaz. Lakin sülh prosesinin sıfır nöqtəsinə qayıtmaması üçün danışıqlar sürətləndirməlidir. Bundan başqa, İrəvana açıq şəkildə xəbərdarlıq edilməlidir.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı