Bu gün – 3 oktyabr Almaniyanın birləşdiyi, Berlin divarının dağıdıldığı gündür.
1990-cı ilin bu günü Almaniyanın birləşməsini dünyada parçalanmaların, ziddiyyətlərin, konfliktlərin daha da dərinləşməsi kimi qiymətləndirmək olarmı? Bəs Azərbaycanın birləşməsi haqda deyilənləri hansı prizmadan dəyərləndirə bilərik?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Berlin divarının dağıdılması SSRİ-nin süqutunun rəmzi sayılır:
“Bu baxımdan həmin hadisə tarixi əhəmiyyət daşıyır. Əlbəttə, Almaniyanın birləşməsi, vahid dövlət olması hər zaman parçalanmış, ya da ərazisi işğalda olan dövlətlərin birləşməsi üçün stimul olub. Azərbaycanda hər zaman Cənubi Azərbaycanın İrandan ayrılıb Şimalla birləşməsinə dair yanaşmalar olub. Məhz buna görə məsələnin Berlin divarının dağılması ilə müqayisə ediblər.
İlyas Hüseynov
Bu gün dünyanın bölüşdürüldüyü bir zamanda rəsmi Bakı əməkdaşlıqdan bəhs edir. Xüsusilə də regional əməkdaşlığın inkişafı üçün ölkəmiz əlindən gələni edir.
Təbii ki, regionda ixtilaf, ədavət yaratmaq istəyən ölkələr var. Xüsusilə İran-Azərbaycan münasibətlərinin pisləşməsini istəyən bu qüvvələr tez-tez təxribatlara yol açır. Güney Azərbaycan bizim tarixi torpaqlarımızdır, amma bu gün İranın ərazi bütövlüyünün bir parçasıdır. Azərbaycan bu günə qədər İranın şimalına haqq iddia etməyib. Bu baxımdan məsələ tez-tez gündəmə gəlsə də, dövlətin nəzərində aktual deyil”.
Turan Rzayev
Globalinfo.az