Azərbaycan ətrafında böyük koalisiya: Qərb, Türkiyə və İsrail bölgəni nəzarətə götürmək üçün…

“Azərbaycan xüsusi xidmət orqanları hər hansı digər dövlətdə terror aktının baş verməsi ilə bağlı mütləq şəkildə gücləndirilmiş iş rejiminə keçir və əməliyyat şəraitinə nəzarət daha ciddi şəkildə həyata keçirilir”.

Bu sözləri millət vəkili Arzu Nağıyev Globalinfo.az-a deyib:

“Bu hadisədən sonra Azərbaycanda olan radikal qruplaşmalar, eyni zamanda terror təhdidi yarada biləcək bütün qruplaşmalar ciddi nəzarət altına alınır. Elə düşünməsinlər ki, kimsə burda yeni bir təxribat törədə və ya bu təxribatlarda müəyyən silahdan və ya nədənsə istifadə edilə bilər”.

A.Nağıyev qeyd edib ki, həm hüquq-mühafizə orqanları, həm xüsusi xidmət orqanları bu istiqamətdə ciddi işlər görür:

“Bu işlər ümumiyyətlə koordinasiyalı şəkildə həyata keçirilir. Müxtəlif dövlətlərin xüsusi xidmət orqanlarının koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat-axtarış fəaliyyəti öz nəticəsini verir”.

Arzu Nağıyev

Deputat bildirib ki, burda öz vətəndaşlarımız da daha ayıq-sayıq olmalıdır:

“Hər bir məsələdə hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları ilə əlaqə saxlanılmalıdır. Söhbət dövlətdən, dövlətçilikdən, ola biləcək təxribatdan, terror hadisəsindən gedir. Buna görə də bu gün hamı diqqəti birmənalı şəkildə təhdidin qarşısının alınmasına yönəltməlidir”.

Politoloq İlyas Hüseynov isə bildirib ki, Qərb koalisiyasını təşkil edən ABŞ Konqresi, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası Laçın-Xankəndi yolunda baş verən proseslərlə bağlı ölkəmizi qınayan qətnamələr qəbul ediblər. Lakin siyasətdə hər zaman olduğu kimi bir anda hər şey dəyişir:

“Nəzərə almaq lazımdır ki, Azərbaycan beynəlxalq anti-terror koalisiyasında təmsil olunur və öz sülhməramlı kontingentini qardaş Türkiyə ilə yanaşı, Əfqanıstandan ən son çıxaran dövlətlərdən biridir. Qətiyyətli dəstək missiyasında bizim fəaliyyətimiz NATO rəhbərliyi tərəfindən də yüksək dəyərləndirilib. Anti-terror fəaliyyətin gücləndirilməsi və preventiv tədbirlərin görülməsi baxımdan Qərbin burada həm təlimatçıları fəaliyyət göstərə bilər, həm də maliyyə yardımı nəzərdən keçirilməlidir. Çünki burada geniş şəbəkənin zərərsizləşdirilməsindən söhbət gedir”.

İlyas Hüseynov

İ.Hüseynov qeyd edib ki, İranpərəst qüvvələr həm ölkəmizin ərazisində mövcuddur, həm də ölkədən kənarda ekstremizmə və separatizmə, ictimai asayişin pozulmasına çağırışlar edirlər:

“Onlar bunu sosial şəbəkələr vasitəsilə geniş şəkildə icra edirlər. Azərbaycan öz daxili resursları hesabına bütün bu təhlükəsizliyə təhdid yaradan ünsürləri zərərsizləşdirməklə yanaşı, həm də kənar qüvvələrin dəstəyinə ehtiyac duya bilər. Bu gün anti-terror üsul və vasitələri nə qədər güclənibsə, terrorçuların da onları yarma metodları daha da güclənib. Ona görə Qərb koalisiyasını təmsil edən güc mərkəzlərinin terrorla mübarizə təcrübəsini də nəzərə alaraq, Azərbaycan bu koalisiyadan İrana qarşı istifadə etməli və yararlanmalıdır.

Qardaş Türkiyə və tərəfdaş İsrail bu xüsusda Azərbaycana dəstək əlini uzatmalıdır”.

Gülnar Səlimova
Globalinfo.az