dunya

2025-ci ildə dünyada dollar milyarderlərinin sayı 8,2 faiz artaraq rekord həddə, 3 795 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə analitik “Altrata” şirkətinin məlumatında bildirilir.

Məlumata görə, milyarderlərin ümumi sərvəti də rekord göstəriciyə yüksələrək 15,1 trilyon dollar olub. Bu, əvvəlki illə müqayisədə 12,8 faiz artım deməkdir.

Hazırda sərvəti 50 milyard dollardan çox olan 29 superzəngin şəxs var. Onların ümumi sərvəti 4,1 trilyon dollar təşkil edir ki, bu da bütün milyarderlərin sərvətinin 27 faizinə bərabərdir. 2017-ci ildə isə belə şəxslərin sayı cəmi 10 nəfər olub.

Ekspertlər milyarderlərin sərvətinin sürətlə artmasını əsasən süni intellekt bumunun və texnologiya şirkətlərinin səhmlərinin bahalaşmasının nəticəsi hesab edirlər.

Məlumata görə, milyarderlərin sayı Şimali Amerikada 11,6 faiz, Avropada 7,9 faiz, Asiyada isə 6,5 faiz artıb.

Altrata mütəxəssisləri isə süni intellekt şirkətlərinin səhmləri ilə bağlı sərvətlərin gələcəkdə daha yüksək dəyişkənlik riski daşıdığını bildirirlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: