Dini və milli tolerantlıq cəmiyyətdə sabitliyin, qarşılıqlı hörmətin əsas şərtlərindən biri hesab olunur. Azərbaycanda müxtəlif dinlərə və millətlərə mənsub insanların birgəyaşayış ənənələri uzun illərdir formalaşıb. Fərqli dini və milli qrupların hüquqlarının qorunması cəmiyyətdə həmrəyliyin güclənməsinə xidmət edir.
Eyni zamanda, milli və dini ayrı-seçkiliyin qarşısının alınması mühüm məsələlərdən biri olaraq qalır. Mütəxəssislər hesab edirlər ki, tolerantlıq yalnız dövlət siyasəti ilə deyil, ailə və təhsil mühitində də təşviq olunmalıdır. Gənclərin fərqli mədəniyyət və inanclara hörmət ruhunda yetişdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Dini və milli tolerantlığın daha da inkişaf etdirilməsi üçün hansı addımlar atılmalıdır? Millətlərarası münasibətlərin möhkəmləndirilməsi istiqamətində nə kimi işlər görülməlidir?
Globalinfo.az-a danışan dinşünas Tural İrfan deyib ki, tolerantlıq Azərbaycan cəmiyyəti üçün böyük əhəmiyyət daşıyır:
“Tolerantlığın pozulması, əslində, milli həmrəyliyə və cəmiyyətin vəhdətinə zərbə vurur. Müxtəlif milli-etnik qrupların və dini icmaların birgə yaşadığı ölkəmizdə bu məsələ xüsusilə həssasdır. Son dövrlərdə isə tolerantlığın müəyyən mənada formal xarakter aldığını müşahidə edirik. Xüsusilə son aylarda televiziya kanallarında, sosial şəbəkələrdə etnik və milli mənsubiyyət məsələləri ətrafında müzakirələrin artması, tarixi şəxsiyyətlərin müxtəlif etnik kateqoriyalara bölünməsi, onların milli mənsubiyyəti üzərindən mübahisələrin yaradılması, təhqiramiz ifadələrin işlədilməsi narahatlıq doğurur. Belə yanaşmalar cəmiyyətdə qarşıdurma və qütbləşmə yarada bilər.
Hesab edirəm ki, bu proseslərdə müəyyən xarici təsirlərin də rolu var. Azərbaycanın tarixi və sosial təcrübəsi göstərir ki, xalqımız əsrlər boyu müxtəlif etnik və dini qruplarla birgə yaşayıb, qarşılıqlı sosial münasibətlər formalaşdırıb. Bu səbəbdən milli və dini zəmində qarşıdurmaların uzunmüddətli xarakter daşıması ənənəvi hal olmayıb. Sünni-şiə münasibətlərində də bunu görmək mümkündür. Tarixən bu fərqlilik insanların gündəlik münasibətlərində indiki səviyyədə qarşıdurma predmeti olmayıb. Fərqlərin siyasiləşdirilməsi və kənar təsirlərlə qarşıdurma vasitəsinə çevrilməsi isə tamamilə başqa məsələdir. Bu baxımdan, sovet dövrünün sonlarında baş verən prosesləri də xatırlamaq olar. Qarabağ məsələsi, separatçılıq və parçalanma çağırışlarının müəyyən xarici təsirlərlə gücləndirilməsi cəmiyyətə ciddi problemlər yaratdı. Bu gün də oxşar proseslərin fərqli formada təkrarlanmasına imkan vermək olmaz”.
Dinşünas bildirib ki, hazırda Azərbaycan cəmiyyətində insanlar ümumilikdə dini fərqlərdən asılı olmayaraq birgə yaşayır və gündəlik münasibətlərini davam etdirirlər:
“Lakin xüsusilə sosial şəbəkələrdə bu fərqlərin süni şəkildə qabardılması, tarixi şəxsiyyətlər üzərindən mübahisələrin yaradılması və daha sonra həmin mübahisələrin təhqirlə qarşıdurmaya çevrilməsi müşahidə olunur. Əvvəlcə fikir ayrılığı yaradılır, daha sonra qütbləşmə formalaşır və nəticədə cəmiyyətin müxtəlif qruplara bölünməsi riski yaranır. Dini ekstremizm istiqamətində də müəyyən təhlükəli siqnallar var. İnanc fərqinə görə insanların zorakılığa məruz qalması tolerantlıq prinsiplərinə ziddir. Tolerantlıq yalnız dini dözümlülük deyil, eyni zamanda insanların inanc və ya inancsızlıq hüququna hörmət edilməsidir. Demokratik və dünyəvi dövlətdə hər bir insan öz inancını ifadə etmək hüququna malik olduğu kimi, inancsızlığını ifadə etmək hüququna da sahibdir.

Tural İrfan
Bu baxımdan, din xadimlərinin və digər ictimai şəxslərin təhqiramiz, ayrı-seçkiliyi və dözümsüzlüyü təşviq edən çıxışlarına göz yumulması yolverilməzdir. Eyni zamanda hər hansı vətəndaşın fikrinə görə zorakılığa məruz qalması da qəbul edilə bilməz. Belə hallara ikili yanaşma tolerantlıq prinsipinə ciddi zərbə vurur”.
Azərbaycan uzun illərdir dünyaya tolerantlıq nümunəsi kimi təqdim olunur. Buna görə də cəmiyyətdə milli və dini zəmində qarşıdurma yarada biləcək proseslərə xüsusi həssaslıqla yanaşılmalıdır. Tolerantlığın qorunması formal xarakter daşımamalı, bunun üçün hüquqi, institusional və maarifləndirici mexanizmlər effektiv şəkildə tətbiq olunmalıdır.
Tural İrfan qeyd edib ki, tarixi şəxsiyyətlərə və tariximizə müxtəlif yanaşmaların olması normaldır:
“Bir tarixi şəxsiyyətin fəaliyyətini öyrənmək, onun irsinə fərqli və ya tənqidi yanaşmaq təbiidir. Lakin tarixin müəyyən dövrlərinə aid məzhəbi və siyasi qarşıdurmaların müasir cəmiyyətə daşınması və dövlətçilik modelinə alternativ kimi təqdim edilməsi ciddi risk yaradır.
Təəssüf ki, bu cür yanaşmalara bəzən ziyalıların, siyasətçilərin, hüquqşünasların, analitiklərin və elmi dərəcəsi olan şəxslərin çıxışlarında da rast gəlinir. Cəmiyyətə təsir imkanları olan şəxslər bu məsələlərdə daha məsuliyyətli mövqe nümayiş etdirməlidirlər. Ona görə də milli və dini zəmində tolerantlığın qorunmasına sistemli yanaşılmalıdır. Çünki söhbət yalnız ayrı-ayrı hadisələrdən deyil, milli həmrəyliyimizdən, cəmiyyətin sabitliyindən və dövlətçiliyimizin əsaslarından gedir. Tolerantlığın zəifləməsinə yönələn istənilən prosesin qarşısının vaxtında alınması bu baxımdan mühüm əhəmiyyət daşıyır”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.
Ləman İmran
Globalinfo.az