19 milyarder bu tarixdə doğulub – Siyahı

Aparılan yeni araşdırma dünyanın ən zəngin 500 milyarderinin 4 faizinin ortaq cəhətlərinin olduğunu ortaya çıxarıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Coupon Follow” endirim saytının maliyyə mütəxəssisləri Bloomberg-in ən yaxşı 500 milyarder siyahısındakı məlumatlara baxıblar.

Milyarderlərin ortaq cəhətlərini tapmaq üçün mütəxəssislər hər bir insanın doğum tarixini araşdırıblar. Araşdırmalar nəticəsində məlum olub ki, 30 noyabr ən populyar tarixdir. Belə ki,  500 ən zəngin milyarderdən 19-u, yəni təxminən 4 faizi bu tarixdə doğulub.

ABŞ-nin “Advance Publications” media şirkətinin sahibi Donald Nyuhaus 15,8 milyard dollar sərvəti ilə noyabrın 30-da doğulan milyarderlər arasında ən varlı şəxs olub. Nyuhaus Bloomberg Milyarderlər İndeksində 115-ci yerdədir.

Sinqapurda boya və üzlük istehsalçısı “Wuthelam Holdings” şirkətini quran Goh Cheng Lianq 11,1 milyard dollarlıq sərvətlə noyabrın 30-da doğulan milyarderlər siyahısında ikincidir. Lianq ümumi reytinqdə 183-cü yerdədir.

Üçüncü yerdə Çinin təhlükəsizlik avadanlığı təchizatçısı “Hikvision” şirkətinin vitse-prezidenti Qonq Hongjia qərarlaşıb. Hongjia 10,8 milyard dollar sərvətə sahibdir.

Dördüncü yerdə isə  ABŞ kinorejissoru Diana Hendrikdir. Hendriksin sərvəti 10,4 milyard dollardır.

30 noyabrdan sonra ən populyar tarix 1 yanvardır. “Coupon Follow” həmin gün 13 milyarderin doğulduğunu bildirir.

Mütəxəssislərin araşdırmalarına görə, oktyabr ayında isə 45 milyarder doğulub.

İlin digər bəzi günlərində isə ən çox eyni tarixdə dörd milyarder doğulub.

ABŞ 189 nəfərlə dünyanın ən çox milyarderinə ev sahibliyi edən ölkədir. İkinci yerdə 53 milyarderin yaşadığı Çin qərarlaşıb. “Bloomberg” Milyarderlər İndeksinə görə, ən varlı şəxs Tesla, X.com və SpaceX şirkətlərinin sahibi İlon Maskdır. 219 milyard dollar sərvəti olan Mask iyunun 28-də anadan olub.

İkinci yerdə qərarlaşan Amazonun sahibi, 170 milyard dollar sərvəti olan Ceff Bezos yanvarın 12-də anadan olub.

Üçüncü yerdə qərarlaşan və 167 milyard dollar sərvəti olan fransız iş adamı Bernard Arnaultun doğum tarixi 5 martdır.