Zaxarovanın Bakıda şübhə doğuran Qarabağ açıqlaması – Kremlin 10 illik PLANI

Globalinfo.az politoloq Oqtay Qasımovla müsahibəni təqdim edir:

– Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova fevralın 14-də keçirdiyi brifinqdə Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı dialoqun müntəzəm xarakter daşıdığını və konstruktiv şəkildə qurulduğunu deyib. Siz prosesi necə dəyərləndirirsiniz?

– Zaxarovanın açıqlaması Azərbaycanda diqqətlə izlənilir. Rusiya rəsmiləri son dövrlər rus sülhməramlı kontingenti ilə bağlı müxtəlif açıqlamalar verirlər. Sülhməramlılar bölgəyə yerləşəndə Moskvanın niyyəti onların fəaliyyət müddətinin ən azı 10 il təşkil etməsi idi. Hətta bundan da artıq müddətin olması, hərbi kontingentə beynəlxalq mandat verilməsi və imkan daxilində gələcəkdə hərbi baza statusunun alınması hədəflənirdi. Bu prosesin həyata keçib-keçməməsi Azərbaycandan asılıdır. Onların müddəti 2025-ci ilə qədər müəyyən olunub. Hazırda Qarabağda erməni əhali qalmadığı üçün sülhməramlıların üzərinə elə də ciddi vəzifə düşmür.

– Bəs bu amil onların vaxtından əvvəl ərazilərimizdən çıxarılmasına səbəb ola bilərmi?

– Rusiya sülhməramlılarının vaxtından əvvəl ərazilərimizdən çıxarılması hazırkı məqamda o qədər də vacib məsələ sayılmır. Ən azı 1 ildən sonra Azərbaycan birgə bəyannaməyə uyğun olaraq sülhməramlıların mandatını artırmasa, bu, avtomatik səviyyədə onların missiyasının bitməsi sayılır.

– Onu da qeyd edək ki, Mariya Zaxarova müzakirə olunan məsələlər arasında ermənilərin hüquq və təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaqla Qarabağa qayıtması perspektivləri, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsinin də olduğunu vurğulayıb. “Birgə patrulların təşkili” deyərək nəyi nəzərdə tutur?

– Bu məsələlər daha çox erməni cəmiyyətinə ünvanlanmış mesajlardır. Qarabağdan ermənilər könüllü şəkildə köçməmişdən əvvəl də Azərbaycan dəfələrlə bildirmişdi ki, orada yaşayan insanları öz vətəndaşı kimi qəbul edəcək. Həmin ermənilərə sadəcə bir məsələ ilə bağlı seçim etmək təklif olunurdu: ya Azərbaycan vətəndaşlığını qəbul edib ərazilərimizdə yaşamaq, ya da könüllü sürətdə torpaqlarımızdan çıxmaq. Bir sözlə, seçim onların əlində idi.

– Rusiya onların qayıdışı məsələsində iştirak edə bilərmi?

– Azərbaycan Prezidenti 20 sentyabr antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinə ayrıca müraciət edərək onlara ölkə daxilində təhlükəsiz və firavan həyat vəd etdi, lakin ermənilər ölkəni tərk etdi. Hazırda Qarabağda müəyyən sayda erməni əhali qalmaqdadır. Gedənlərin Azərbaycan vətəndaşlığını qəbul edərək geri qayıtması ilə bağlı dövlət portalı da fəaliyyət göstərir. Bu məsələ Azərbaycanın daxili işidir, nə Rusiya, nə də digər ölkələrin buna müdaxilə etməyə haqqı var.

Safura Bənnayeva
Globalinfo.az