
Müasir dövrümüzdə informasiya yalnız texniki resurs deyil o həm də dəyərlərin ötürücüsü, kimliyin daşıyıcısı və ictimai münasibətlərin əsas strukturudur. Xüsusilə Azərbaycan kimi zəngin tarixi və mədəni irsə sahib ölkələrdə, media informasiya aləti olmaqdan daha artıq ideoloji, siyasi və mənəvi suverenliyin müstəvisinə çevrilmişdir. Bu baxımdan, milli dəyərlərin qorunması ilə media strategiyalarının ahəngdar şəkildə qurulması, təkcə mədəni siyasətin deyil, ümumilikdə milli təhlükəsizliyin ayrılmaz hissəsidir.
Milli dəyərlər anlayışı çox vaxt keçmişin konservasiyası kimi dəyərləndirilir: tarix, adət-ənənə, dini ayinlər, ailə münasibətləri və folklor. Halbuki bu dəyərlər cəmiyyətin özünüdərkinin, kimlik yaddaşının və gələcəyə inşa etdiyi mədəni məkanın özəyidir. Azərbaycanda bu dəyərlər yalnız tarixi keçmişdən qaynaqlanmır. Onlar Qarabağ Zəfəri ilə tamamlanan bir mərhələdə yenidən ideoloji və simvolik gücə çevrilib. Hər bir şəhidin xatirəsi, hər bir qədim torpağın azad olunması bu dəyərlərə həyat verir.
Burada əsas məsələ bu dəyərləri yalnız yaşatmaq yox, müasir gəncliyə və gələcək nəsillərə necə ötürməkdir. Məhz bu nöqtədə media xüsusilə də rəqəmsal media əsas silaha çevrilir. Çünki bu günün informasiya qəbulu ənənəvi ailə və məktəb mühitindən daha çox sosial şəbəkələr və onlayn platformalar vasitəsilə baş verir.
Azərbaycan mediasının qarşısında duran əsas çağırışlardan biri budur: təqdim etdiyi məzmun milli kimliyi qoruyurmu, yoxsa yadlaşdırırmı?
Media təkcə informasiya yaymır, həm də ictimai şüuru formalaşdırır, gənclərin qəhrəman obrazını, ailə modelini, qadın və kişi rollarını müəyyənləşdirir. Əgər bu məzmun milli dəyərlərlə uzlaşmırsa, informasiya hərbi silahdan daha təhlükəli nəticə doğura bilər.
Bu səbəbdən, media strategiyası yalnız peşəkar jurnalistika standartlarını deyil, ideoloji məsuliyyəti də əhatə etməlidir. Məsələn, Qarabağ zəfərinin mediada təqdimatı, yalnız hərbi uğur kimi yox, həm də milli ruhun dirçəlişi, vətən sevgisinin ifadəsi, ümummilli həmrəyliyin simvolu kimi təqdim olunmalıdır. Bu isə dövlət tərəfindən planlaşdırılan və dəstəklənən strateji media proqramları ilə mümkündür.
Gənc nəsil artıq televiziyadan çox, TikTok, İnstagram, YouTube kimi platformalarda zaman keçirir. Ona görə də milli dəyərlərin təbliği sırf təmtəraqlı bayram reportajları və rəsmi çıxışlarla həyata keçə bilməz. Qısametrajlı videolar, vizual kampaniyalar, sosial media trendlərinə uyğunlaşmış kontent milli dəyərləri müasir üslubda çatdırmağın açarıdır.
Media məzmunu hazırlanarkən, cəlbedici forma ilə dərin məzmunun balansı qorunmalıdır. Vətənpərvərlik mövzusunda hazırlanmış bir video estetik və emosional baxımdan zəngin olmadıqca, o gəncin qavrayışında “propaganda” kimi qarşılanacaq. Media mütəxəssisləri psixoloji manipulyasiyanı öz əleyhinə yox, xalqın mənafeyi üçün istifadə etməyi öyrənməlidirlər.

Azərbaycan, xüsusilə də post-Qarabağ dövründə daha sistemli informasiya hücumlarına məruz qalır. Bu hücumlar hərbi xarakter daşımır – ideoloji və simvolik müstəvidə baş verir. Tarixi faktların təhrif edilməsi, milli liderlərin nüfuzuna xələl gətirən kampaniyalar, Azərbaycanın beynəlxalq imicinə yönəlmiş “soft power” yəni yumşaq güc təsirləri hər gün yeni formatda qarşımıza çıxır.
Buna qarşı reaktiv yox, proaktiv yanaşma tələb olunur. Azərbaycan media qurumları, sosial platformalar və analitik mərkəzlər ideoloji təxribatları vaxtında aşkarlayan və dərhal cavab verən struktur halına gəlməlidir. Burada həm yerli jurnalistlərin, həm də gənc “media könüllülərinin” hazırlığı ön plana çıxır. Dövlət bu sahədə həm təlimlər, həm də maddi və texniki dəstək vasitəsilə milli informasiya təhlükəsizliyini təşkil etməlidir.
Yazının əvvəlində dediyimiz kimi, müasir media strategiyası yalnız texnologiya üzərində qurula bilməz. Onun əsas sütunu insan resursudur – jurnalist, bloqqer, kontent yaradıcısı və analitik. Bu şəxslərin hamısı dəyərlər sisteminə bağlı olmalı, ölkənin ideoloji suverenliyinin məsuliyyətini daşımalıdır.

Bu məqsədlə, peşəkar təlim proqramları, medianın vətənpərvərlik istiqamətində rolu üzrə seminarlar, simpoziumlar və media etikası kursları təşkil olunmalıdır. “Söz azadlığı” anlayışı ilə “milli maraqlar” arasındakı zərif tarazlıq hər bir jurnalist üçün öyrədilməlidir.
Milli dəyərlərin qorunması təkcə mədəni və mənəvi məsələ deyil, ideoloji müstəqillik məsələsidir. Bu dəyərlər qorunmadıqca, heç bir informasiya neytral deyil hər biri ya kimliyi möhkəmləndirir, ya da zəiflədir. Azərbaycanda bu məsələyə verilən yeni diqqət layihələrin dəstəklənməsi, məqalə müsabiqələri, tematik təlimlər və strateji yanaşma doğru istiqamətdə mühüm addımlardır.
Ancaq bu proses uzunmüddətli və davamlı olmalıdır. Bu, bir dəfəlik kampaniya yox, mədəni müqavimət strategiyası kimi dərk edilməlidir. Media yalnız informasiyanın deyil, həm də kimliyin daşıyıcısıdır. O kimliyi yaşatmaq üçün media özü də milli ruhla yaşamalıdır.
Məqalə Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə iş” adlı layihə çərçivəsində dərc olunub.
Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.